YAZARLAR

Taliblər və türklər Əfqanıstanda vuruşacaqlarmı?

Rusiya Mərkəzi Asiyadakı müttəfiq dövlətlərin sərhədlərinin keçiləcəyi və onlara ziyan dəyəcəyi təqdirdə, təcavüzkarın "ciddi itkilərlə" qarşılaşacağı barədə Talibanı xəbərdar edib.
Sputnik

BAKI, 16 iyul — Sputnik. Taliblərin sərt mövqe nümayiş etdirmələrinə rəğmən Türkiyə avqustun 31-dən sonra da Kabil beynəlxalq hava limanının mühafizəsi üçün "öz şərtləri daxilində" Əfqanıstanda qalmaq niyyətindədir. Bu halda, ABŞ və NATO-nun maddi-texniki dəstəyi olduğu təqdirdə, Türkiyə qoşunları ilə Taliban* arasında ehtimal olunan qarşıdurma Əfqanıstan ərazisinin gözlənilməz şəkildə ƏİR və "İslam Əmirliyi" arasında təsir zonalarına bölünməsinin davamına gətirə bilər. Əgər Ankara və Vaşinqtonun buna nüfuzu, gücü və resursları bəs edərsə...

Türkiyənin müdafiə naziri Hulusi Akar çərşənbə axşamı jurnalistlərə Əfqanıstan planları barədə danışıb: "Bizim məqsədimiz - əfqan qardaşlarımızın təhlükəsizliyi, sülh və rifahına öz töhfəmizi verməkdir". O həmçinin Həmid Qərzayi adına (Kabil) hava limanının istismarı və təhlükəsizliyi barədə suallara da cavab verib. Gəlin əsas tezislərə nəzər salaq.

Hulusi Akar qeyd edib ki, Türkiyə 20 ildir ƏİR-də öz əfqan tərəfdaşlarının maraqları naminə fəaliyyət göstərir. Heç bir döyüş missiyası olmayıb, yalnız məsləhətləşmələr olub, texniki xidmət göstərilib, təmir (o cümlədən paytaxt hava limanında) işləri görülüb. Əgər aeroport normal işləməsə, Əfqanıstan təcrid edilmiş dövlətə çevriləcək, beynəlxalq münasibətlərdə ciddi problemlər meydana çıxacaq. Taliblərin artmaqda olan nüfuzu problem deyil, Türkiyə tərəfi Əfqanıstanda baş verən hadisələri, Tacikistan və Özbəkistanın sərhədində təhlükəsizlik səviyyəsini diqqətlə izləyir. Əfqanıstanda hərbi-siyasi vəziyyət nəzərə alınmaqla Türkiyə ilə ABŞ arasında – hərbi nazirliklər və texniki mütəxəssislər xətti ilə, Əfqanıstan hökuməti, NATO və Aİ iştirakı ilə "çox konstruktiv və çox müsbət danışıqlar" davam edir.

Aşkar görünür ki, Hulusi Akar ABŞ və Taliban arasında Dohada bağlanmış sazişdən yan qaçır. Onun məntiqi aydındır: əgər Türkiyə alyansın döyüş əməliyyatlarında iştirak etməyibsə, əgər yalnız texniki xidmət və təmirlə məşğul olub, hava limanını mühafizə edibsə, sanki bu ayrıca "dinc missiyanın" Əfqanıstanda avqustun 31-dən sonra da davam etdirilməsinə heç nə mane olmur.

Lakin taliblər bununla razı deyillər və NATO ölkələrinin hamısının, o cümlədən də Türkiyənin bölmələrini hərbi təcavüzkar, yəni "cihad" obyekti hesab edirlər. Lakin Əfqanıstan paytaxtına hələlik hökumət qüvvələri nəzarət edirlər.

Burada qalmaq həvəsi var və əgər belə olarsa, Kabil beynəlxalq hava limanı avtomatik olaraq Pentaqon və NATO üçün "ehtiyat aerodrom" funksiyasını əldə edəcək. Bu isə Əfqanıstan və qonşu ölkələrdə hadisələrin həddən artıq gözlənilməz şəkildə cərəyan edəcəyi təqdirdə lazım ola bilər.

Mümkünsüz missiya

Obyektiv olaraq Türkiyənin Kabil hava limanında varlığı Ankara-Vaşinqton birləşməsində deyil, yalnız hazırkı Əfqanıstan hökuməti ilə Taliban arasında razılığın əldə olunduğu təqdirdə mümkündür. Taliblərlə razılığın əldə olunması ehtimalı çox azdır. Əgər münaqişə tərəflərinin necəsə razılığa gəldiyini təsəvvür etsək, Kabildəki türk bölmələrinə onların ABŞ və NATO-dan olan həmkarları hökmən yardım edəcəklər (maddi-texniki cəhətdən və logistika ilə), yəni missiya beynəlxalq status alacaq (Türkiyənin ehtiyatları məhduddur, ölkə eyni zamanda bir neçə hərbi münaqişədə iştirak edir).

"Kabil hava limanı" missiyasına dəstək məsələsini ABŞ və Türkiyə prezidentləri hələ iyun ayında müzakirə ediblər. ABŞ və NATO-nun avqustun 31-dən sonra Əfqanıstanda qalması müddətinin uzadılması sxemi kifayət qədər şəffafdır. Ona görə də, iyulun 13-də taliblər rəsmən və ultimatum şəklində Türkiyə qoşunlarının Əfqanıstanda olmasının Doha razılaşmasının müddəalarını, ölkənin suverenlik və ərazi bütövlüyünü pozduğunu bəyan edərək Türkiyə tərəfinə problemlər və hətta cihad vəd ediblər.

Türkiyə qoşunları ilə taliblər arasında mümkün münaqişədə Ankaranın külli miqdarda xərcləri və itkilərini Amerika tərəfinin türklərin F-35 təyyarələrinin istehsalı və istismarı proqramına yaxın buraxması kompensasiya etmir. Ankara, Vaşinqton və Kabilin nikbinlik üçün əsası azdır. Taliban yaraqlıları sürətlə uğurlarını artırır və artıq iyulun ortalarında ölkənin kənd yerlərinin xeyli hissəsini, İran, Türkmənistan, Özbəkistan və Pakistanla sərhədlərdəki nəzarət-buraxılış məntəqələrini tutublar. Hərəkatın "siyasi ofisi" iyulun 12-də Əfqanıstan ərazisinin 85%-nin nəzarətə götürüldüyünü bəyan edib. İnzibati cəhətdən bu, ölkənin 398 rayonunun yarıdan çoxu deməkdir. Statistika çox acınacaqlıdır. Kabilin ələ keçirilməsini isə taliblər yalnız zaman məsələsi olduğunu düşünürlər.

Taliblər 7000 nəfər silahdaşının həbsdən azad edilməsi və BMT-nin "qara siyahısı"ndan çıxarılması şərti ilə üç aylıq atəşkəsin elan olunmasının mümkünlüyünü bəyan ediblər. Lakin bizə məlumdur ki, amerikalıların yazda 5000 nəfər talibin azadlığa buraxılmasına dəstək verməsi döyüş əməliyyatlarının yenidən qızışmasına gətirib. Son onilliklər ərzində "tələbələr" tarlada və istehsalatda çalışmaqdan tamamilə yadırğayaraq, əldə silahla, yəni həmvətənlərini öldürməklə "pul qazanmağa" öyrəşiblər.

Kabil hələ ki, ələ keçirilməyib və təcrübəli yaraqlıların da qiyməti hələ yüksəkdir. Hətta BMT Talibanı terrorçu təşkilatlar siyahısından çıxarsa belə, Əfqanıstan qazamatlarından buraxılan yeddi min nəfər "həqiqi müsəlman" mahiyyət etibarilə terrorçu olmaqda da qalacaq. Və bu, Əfqanıstanın problemlərinin yalnız cüzi bir hissəsidir.

Əfqanıstanda proksi-vuruşma

Türkiyənin müdafiə naziri Hulusi Akar iyulun 15-də daha bir maraqlı bəyanat verib ki, hazırkı dövlətlərarası münaqişələr ənənəvi konstruksiyadan kənarlaşaraq "asimmetrik" forma alıb. Ölkələr arasında birbaşa qarşıdurma artıq keçmişdə qalır, yeni mübarizə meydanı əmələ gəlir ki, burada da qeyri-dövlət subyektləri tədricən öz təsirini gücləndirir və onların başında da proksi-terrorçuluq dayanır: "Mübarizə meydanında terrorçu təşkilatlar ən vacib elementlərə çevriliblər. Onlar qeyri-hökumət təşkilatı adı altında, vəkalətnamə ilə mübarizə aparırlar… Bu təşkilatlar öz təsirini artırmaq üçün təkamül edərək həm də hazırkı şəraitə uyğunlaşıblar".

Əgər bu fikri bir qədər də inkişaf etdirsək, Əfqanıstanda "proksi-terrorçularla" mübarizə həm də dövlətlərarası mübarizəni nəzərdə tutur və beləliklə, Türkiyənin missiyası o qədər də sülhsevər deyil. Belə ehtimal etmək olar ki, "əfqan qardaşlarının" müdafiəsinin Ankaranın Əfqanıstanla həmsərhəd olan mümkün rəqiblərinə - İrana, Pakistana, Çinə, Hindistana qarşı yönələ biləcəyini düşünmək olar (istənilən biri ilə). Düşünürəm ki, Mərkəzi Asiya ölkələri ayrıca qəbul olunur, çünki bu dövlətlər türklər tərəfindən "özününkü" kimi dəyərləndirilir. Necə olursa olsun, Taliban hərəkatından ən çox faydalanan Pakistan yəqin ki, Türkiyənin Kabildəki "missiyasından" daha çox narazıdır.

Əfqanıstan istiqamətində Çinin artmaqda olan həm iqtisadi, həm də hərbi-siyasi nüfuzunu düzgün dəyərləndirməmək mümkün deyil. Çin Talibanla diplomatik münasibətləri inkişaf etdirmək niyyətindədir. Loyallıq əvəzinə Pekin taliblərə qarşılıqlı faydalı əməkdaşlıq təklif edib. Bunun üçün "tələbələr" yalnız "Şərqi Türküstan İslam Hərəkatı" ilə əməkdaşlıqdan əl çəkməlidirlər. Qarşılıqlı anlaşma əldə olunub. Və bu mənada Türkiyənin Kabil hava limanında varlığı yəqin ki, çinli yoldaşların planlarına daxil deyil.

Paralel olaraq Çin Mərkəzi Asiyada da fəaldır. Çinin xarici işlər naziri Van İnin iyulun 12-dən 16-na qədər birdən-birə Əfqanıstanla həmsərhəd olan üç ölkəyə - Türkmənistana, Tacikistana və Özbəkistana səfərləri heç də təsadüfi deyil. Danışıqların əsas mövzularından biri Əfqanıstanda sürətlə dəyişən vəziyyətdir və bu gün Daşkənddə təkcə birgə iqtisadi və humanitar layihələr müzakirə olunmur.

Bir gün əvvəl Van İ Düşənbədə bildirib ki, Çin və Tacikistan təhlükəsizlik sahəsində daha ciddi əməkdaşlıq etməli, yeni risk və çağırışlara qarşı səylərini birləşdirməli, xarici qüvvələrin müdaxiləsinin qarşısını birgə almalıdırlar.

İyulun 13-də Aşqabadda isə Çinin XİN rəhbəri ölkəsinin türkmən tərəfinin milli təhlükəsizliyinin təmin edilməsinə yardım edərək bu sahədə ənənəvi və qeyri-ənənəvi əməkdaşlığı möhkəmləndirməyə" hazır olduğunu dilə gətirib.

Hər üç paytaxtda keçirilən danışıqlarda müxtəlif şəkildə Çinin "xarici qüvvələrin müdaxiləsi və onlardan gələ biləcək zərərin qarşısının" birgə alınması təklifi əsas leytmotiv olub.

Aşkar görünür ki, regionda daxili qüvvələrin öhdəsindən Türkiyəsiz (ABŞ və NATO-suz) də gələcəklər. Məsələn, Rusiya Mərkəzi Asiyadakı müttəfiq dövlətlərin sərhədlərinin keçiləcəyi və onlara ziyan dəyəcəyi təqdirdə, təcavüzkarın "ciddi itkilərlə" qarşılaşacağı barədə Talibanı xəbərdar edib. Bundan əlavə Rusiya, Özbəkistan, Tacikistan və Qırğızıstan avqust-sentyabr aylarında Əfqanıstan sərhədləri yaxınlığında xüsusi təyinatlı qüvvələrin birgə təlimlərini də keçirəcəklər.

Əfqanıstanın şimalında marşal Əbdül-Rəşid Dustum və əfsanəvi "Pəncşir aslanı" Əhməd Şah Məsudun oğlu xalqı Talibanla mübarizəyə qaldırırlar. Digər tərəfdən ABŞ Əfqanıstandan qoşunların çıxarılmasını artıq 95% başa çatdırıb və Kabildə "Türkiyə layihəsini" dəstəkləmək üçün sadəcə olaraq qüvvə yoxdur. Düşünürəm ki, iş paytaxt hava limanında "yeniçərilərlə" atışmaya qədər gedib çıxmayacaq.

* – Rusiyada qadağan olunmuş terrorçu təşkilat.