CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistanın Şuşa ilə bağlı "nota oyununa" rəsmi Bakıdan cavab

Ermənistan XİN-in Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri ilə bağlı Ermənistandakı xarici ölkələrin diplomatik nümayəndəliklərinə nota təqdim etməsi xəbəri Azərbaycan tərəfində səssiz qarşılanmayıb.
Sputnik

BAKI, 13 iyul - Sputnik. "Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz". 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in son fəaliyyətini şərh edərkən bildirib.

İyulun 9-da Ermənistan XİN-in Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri ilə bağlı Ermənistandakı xarici ölkələrin diplomatik nümayəndəliklərinə nota təqdim etməsi ilə bağlı məlumat yayılıb.

"Ermənistan XİN-in bu addımı bir daha onu göstərir ki, bu ölkə hələ də beynəlxalq hüquqa zidd olan və ərazi iddialarından çıxış edən mövqe sərgiləyir. Bir daha vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz.

Bu ərazilərə səfərlər Ermənistanın hərbi işğalı altında olan zaman qanunsuz xarakter daşıyırdı. Artıq Şuşa azad olunub, digər azad olunan bölgələrimiz kimi Azərbaycanın tərkib hissəsidir. Bura səfərlər də edilir və ediləcək, bərpa işləri də həyata keçirilir, şəhərin qanuni sahibləri öz evlərinə geri qayıdacaqlar, bir sözlə, mədəniyyət beşiyimizdə həyat yenidən canlanacaq", - Leyla Abdullayeva vurğulayıb.

"Ermənistan XİN-i nota tərtib edərkən ən azından nəyə və nə əsasla etiraz etdiyini düşünməlidir. Görünür, Ermənistan XİN-ində rəhbərliyin olmaması bu qurumun tərtib etdiyi sənədlərə də öz təsirini göstərir, - söyləyən Abdullayeva Ermənistan XİN-in artıq bölgədəki yeni vəziyyəti dərk etməsinin gərəkdiyini bildirib.

"Keçmişdə olduğu kimi, beynəlxalq hüquqa zidd və destruktiv siyasətdən çıxış etmək Ermənistana yaxşı heç nə vəd etmir", - Azərbaycan XİN rəsmisi yekunlaşdırıb.

Diplomatların Şuşa səfəri 

İyulun 9-u və 10-da Azərbaycanda akkreditə olunmuş 50-yə yaxın diplomatik korpus nümayəndələri və beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçiləri işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfər ediblər.

Səfər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə təşkil olunub. 

Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, eləcə də BMT-nin qaçqınların işləri üzrə Ali Komissarının və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də iştirak ediblər.

Yerevanın reaksiyası 

Çərşənbə axşamı, iyulun 13-də məlum olub ki, bir sıra ölkələrin diplomatları Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb və onlara etiraz notaları təqdim olunub. 

Eləcə də oxuyun: