BAKI, 12 iyul — Sputnik. Prezident İlham Əliyev “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanununun tətbiqi haqda fərman imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sənəddə deyilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti doqquz ay müddətində “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə uyğun olaraq, özündə Qanunun 8.4-cü maddəsinə əsasən bağlanılan müqavilələrin xüsusiyyətlərini və şərtlərini, habelə Qanunun 9.3-cü maddəsinə müvafiq olaraq, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı zəmanətli tariflərin formalaşdırılması meyarlarını əks etdirən bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
NK həmçinin istehsal edilən elektrik enerjisinin güc həddini, habelə aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydalarını, “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin Əsasnaməsini, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydasını və formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Fərmanla müəyyən edilir ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı, 1.1.10-cu, 1.1.12-ci, 1.1.14-cü maddələrində, 6.2-ci maddəsinin ikinci cümləsində, 6.3-cü (hər iki halda), 6.5-ci maddələrində, 6.6-cı maddəsinin birinci cümləsində (hər iki halda), 6.7-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 7.1.2-ci, 7.1.3-cü, 7.2-ci, 8.1-ci, 8.3-cü, 8.4.1-ci, 8.6-cı, 9.2-ci, 9.3-cü, 10.4-cü, 14-cü, 16.1-ci, 16.2-ci və 17.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, 1.1.14-cü, 8.3-cü və 8.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
Sözügedən Qanunun 1.1.12-ci, 10.4-cü və 16.2-ci maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir.
Qanunun 1.1.6-cı, 6.3-cü (ikinci halda), 6.5-ci maddələrində, 6.6-cı maddəsinin birinci cümləsində (birinci halda), 6.7-ci maddəsinin ikinci cümləsində (ikinci halda) və 14-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti;
Qanunun 6.2-ci maddəsinin ikinci cümləsində, 6.3-cü (birinci halda) maddəsində, 6.6-cı maddəsinin birinci cümləsində (ikinci halda), 6.7-ci maddəsinin ikinci cümləsində (birinci halda), 7.1.2-ci, 7.1.3-cü, 7.2-ci, 8.1-ci, 8.4.1-ci, 9.3-cü və 16.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi;
Qanunun 9.2-ci və 17.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası;
Qanunun 1.1.10-cu maddəsində “orqan (qurum)” dedikdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.
Azərbaycan Respublikasının Energetika Nazirliyi isə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla, “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin yaradılmasını doqquz ay müddətində təmin etməli və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.
Tarif Şurasının son qərarları
Qeyd edək ki, iyunun 30-da Tarif Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib. Belə ki, SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18%-ə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir.
Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abonenti üzrə istehlakın həcminin təxminən 1,3 min kubmetrdən 1,6 min kubmetrə, ümumi istehlak həcminin isə 2,7 milyard kubmetrdən 3,7 milyard kubmetrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir ki, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır.
Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaradıb.
Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdə təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib. Təklif edilən modellər dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması, təbii qazın digər ölkələr üzrə qiymətləri və s. kimi məsələlər nəzərə alınmaqla dəyərləndirilib.
Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılmışdır. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək. İclasda aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilib.
Tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur
Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılmışdır. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.
Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə "Azəristiliktəchizat" ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.
Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.
Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.
Eləcə də oxuyun:
Tarif Şurası: Əhali üçün işığın tariflərinə dəyişiklik edilməyib
Sabahdan təbii qazın qiymətləri qalxır - SOCAR-ın Tarif Şurasına müraciəti əsasında
Milli Məclisdə Tarif Şurasının ləğvi tələb edildi