CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlər Kabinetindən orqan donorluğu ilə bağlı mühüm qərar

Baş nazir Əli Əsədov "Resipiyentin gözləmə vərəqəsinin  forma və tərtib olunma qaydasını təsdiq edib.
Sputnik

BAKI, 12 iyul — Sputnik. Nazirlər Kabineti "Resipiyentin gözləmə vərəqəsinin forması və tərtib olunma Qaydası"nı təsdiq edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qayda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq hazırlanıb, insan orqan və toxumalarının transplantasiyası üçün resipiyentin gözləmə vərəqəsinin tərtib olunma qaydasını müəyyən edir.

Gözləmə vərəqəsinin tərtib edilməsinin məqsədi - resipiyentin qan qrupu və rezus faktoru, transplantasiyaya ehtiyacı olan orqan, immunoloji profilin göstəriciləri (HLA, PRA), əsas xəstəliyin ağırlıq dərəcəsi, gözləmə vərəqəsi tərtib olunduqdan sonra transplantasiyaya qədər gözləmə müddəti, həmçinin təcililik statusunun olub-olmaması əsasında elektron qaydada donorresipiyent cütlüyünün müəyyən edilməsi yolu ilə resipiyentlərin "Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası"nda dinamik yenilənən növbəli siyahısında yerinin müəyyən edilməsindən ibarətdir.

Bu Qaydada istifadə olunan anlayışlar Qanunda nəzərdə tutulmuş mənaları ifadə edir.

Şəxsin transplantasiyaya ehtiyacının zəruriliyini müəyyən etmək məqsədilə şəxs göndəriş vərəqəsi ilə birlikdə müalicə aldığı ambulator və ya stasionar tibb müəssisəsi tərəfindən siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşmış tibb müəssisəsinə göndərilir. Göndəriş vərəqəsinə 3 resipiyentin ambulator və ya stasionar tibbi kartasından çıxarış əlavə olunur.

Resipiyent donor orqanlarının transplantasiyasını həyata keçirən tibb müəssisəsində hərtərəfli müayinə olunduqdan sonra həmin tibb müəssisəsi tərəfindən təşkil edilmiş həkim-transplantoloqdan, anestezioloq-reanimatoloqdan, resipiyentin müalicə həkimindən, eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərdən ibarət həkim komissiyası tərəfindən onun transplantasiyaya ehtiyacının zəruriliyi barədə sadə səs çoxluğu ilə qərar qəbul edilir.

Şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentin reyestrinə daxil edilməsi barədə həkim komissiyasının qərarı qəbul edildikdən sonra transplantasiyanı həyata keçirən tibb müəssisəsi şəxsin yazılı məlumatlandırılmış razılığını alır və 3 (üç) iş günü müddətində resipiyentlərin reyestrinə daxil edilməsi üçün onun adına resipiyentin gözləmə vərəqəsini tərtib edir.

İki nüsxədə tərtib olunan gözləmə vərəqəsinin bir nüsxəsi resipiyentin reyestrinə daxil edilmək üçün "Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi"nə göndərilir, bir nüsxəsi isə resipiyentin özünə təqdim edilir.

Qeyd edək ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanı imzalanıb. İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunun 15-ci maddəsində resipiyentin gözləmə vərəqəsi ilə bağlı müddəa əks olunub. Həmin maddədə nəzərdə tutulur ki, şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentlərin reyestrinə daxil edilməsi barədə həkim komissiyasının qərarı qəbul edildikdən sonra tibb müəssisəsi şəxsin yazılı məlumatlandırılmış razılığını alır. 3 iş günü müddətində resipiyentlərin reyestrinə daxil edilməsi üçün onun adına resipiyentin gözləmə vərəqəsini tərtib edir. Resipiyentin gözləmə vərəqəsi iki nüsxədə tərtib olunur, onun bir nüsxəsi resipiyentlərin reyestrinə daxil edilmək üçün əlaqələndirici quruma göndərilir, bir nüsxəsi isə resipiyentin özünə təqdim edilir. Resipiyentin gözləmə vərəqəsinin forması və tərtib olunması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir.

Həmçinin oxuyun:

İlham Əliyev orqan donorluğu və transplantasiyası ilə bağlı qanunu təsdiqlədi

Azərbaycanda koronavirusdan sağalmış bu şəxslər donor ola bilməz