YAZARLAR

Hər şeyə rəğmən kitab və ədəbiyyat

Ədəbi mühitdəki səssizliyi və sükunəti süni şəkildə pozmaq cəhdlərinin qarşısı oxucu laqeydliyi ilə alınır.
Sputnik

Ədəbi mühitdəki səssizliyi və sükunəti süni şəkildə pozmaq cəhdlərinin qarşısı oxucu laqeydliyi ilə alınır. Hərdən kimsə kitab təqdimatı keçirir. Bayram gecələri kasıb uşağın yeganə fişəngini atıb, onun sonuncu sayrışan işıqlarını seyr etdiyi kimi, biz də oturub bu təqdimatın fotolarına baxır, arada dilucu təbrik yazıb ötürük. Yeni nəşrlərə, xüsusilə imzasını artıq təsdiqləmiş sanballı qələm adamlarının yeni kitablarına da beləcə tənbəl-tənbəl baxıb, keçirik. Hələ yeni çap olunan kitabın müəllifi gənc olanda təəssüflə düşünürük: “Heç hənanın yeridir?”

***

Aylardı ölkədə ədəbiyyatla bağlı ciddi polemikalar da baş vermir. Təsadüfən gənclərin arasındakı kiçik mübahisələr, polemika cəhdləri cəsədi soyumuş mərhuma süni nəfəs vermək cəhdlərini xatırladır. Hər şey bomboz və cansıxıcıdır. İllərdir dəyişməyən vərdişimə sadiq qalaraq demək olar ki, hər gün ədəbiyyat saytlarına göz atıb, yeni xəbərlər axtarıram. Təəssüf ki, ölkədə ədəbiyyatla bağlı gündəm demək olar ki, yoxdur. Boyat xəbərlər, şablon reportajlar, klişe suallarla müsahibi və oxucunu darıxdıran müsahibələr...

***

Yeni imzaların, xüsusilə gənclərin istedadına söz ola bilməz. Savadlı, təhsilli, intellektual, gecə-gündüz kitablarla vaxt keçirən gənclərin sayı 10-15 il bundan öncə ilə müqayisədə daha çoxdur. Ancaq onların da susqunluğundan qulaq tutulur. Çünki indiki gənclər demək olar ki, etiraza, tənqidə cəsarət etmir. Ümumiyyətlə tənqid, etiraz, üsyankarlıq ədəbiyyat mühitində defisitə çevrilib. Əvvəl etiraz edənlər müti tövbəkara çevrildikcə, çılğın gənclər də vaxtından tez “qocaldılar”. Etiraz, tənqid, üsyankarlıq olmayan yerdə ədəbiyyatın yaranmasının da bir mənası yoxdur. Yeni yazılan kitablar, əsərlər bu sükutun, səssizliyin içində itib gedir, unudulur. Oxucu, ya da yerli ədəbiyyatı oxuyan oxucu yerli ədəbiyyatla ən yaxşı halda ona görə maraqlanır ki, günlərin bir günü yazmağa başlayanda, onu dəstəkləyən tanınmış imza sahibi olsun.

***

Nə qədər ağır olsa da, “özümüz yazıb, özümüz oxuyuruq” faciəsi hələ də aktualdır. Bunu kitab təqdimatlarından, sosial şəbəkələrdəki yazıçı (şair)-oxucu münasibətlərindən də anlamaq mümkündür. Azərbaycan oxucusu Azərbaycan kitabına pul xərcləmir. Bunun da çoxlu obyektiv və subyektiv səbəbləri var. Məncə hər şeydən öncə təhsil sistemi və dərsliklər, orta məktəblər günahkardır. Potensial oxucu orta məktəbdə yetişir, orta məktəblər pandemiya səbəbindən qapandığı üçün, az qala iki ildir şagirdlər və tələbələr əllərində telefon, planşet, notbuk “müasir” formatda “dərs oxuyur”.

Təhsilimiz də həyatımız kimi onlaynlaşır. Düzünü desək, pandemiyaya qədər də şagirdə bədii kitab oxutmaq vərdişi yox idi, pandemiya başlayandan vəziyyəti daha da ağırlaşdırdı. Ümumiyyətlə bizim təhsil sistemi kitaba maraq yaratmayan, əzbərçi və başdansovdu sistemdir. Ölkədə repetitorların və hazırlıq kurslarının kontingentini müşahidə edəndə hər şey aydın olur. Məlumdur ki, əzbərçi təfəkkürlə yüksək ballı abituriyent hazırlığını qarşısına məqsəd qoymuş hazırlıq kursları və repetitorlar, kitabı təbliğ etməkdən, mütaliənin faydalarını aşılamaqdan çox uzaqdır.

Məncə, orta məktəbdə şagirdinə kitab sevgisi, mütaliə vərdişi aşılanmayan cəmiyyətdə ədəbiyyat yaratmaq, kitab nəşr etdirmək, ölkədə ədəbiyyatın inkişaf edəcəyi ilə bağlı xəyallar qurmaq, ölkədə yerli yazıçıların kitabının satılacağına ümid etmək absurddur. Axı bizim ədəbiyyat dərsliklərimiz də ədəbiyyatı, mütaliəni sevdirmir. Hərdən dərslik müəllifləri dəyişsə də, hələ də eyni adamlar, eyni imzalar dərsliklərə salınır və təbliğ edilir. Müasir oxucunu ədəbiyyata bu şəkildə cəlb etmək mümkün deyil.

Yeni nəsilə yeni dünyagörüşü, müasir yerli ədəbiyyat təbliğ olunmursa, yetişən gənc kitabxanada yeni imzaları, yeni kitabları görmürsə, yerli yazarın kitabına maraq necə formalaşa, yarana bilər? Oxucu ilahi vəhy almadığı üçün, müasir yazarlardan, müasir ədəbiyyatdan uzaqda qalır, tanımır, oxumur, kitabını görəndə isə yanından düz keçir.

***

Gələcəkdə nə olacaq, necə olacaq, – bilmirəm. Ancaq hal-hazırda ədəbiyyat və kitab aktual deyil. Bu laqeydlikdə yazıçını, şairi, qələm adamını günahlandırmaq isə, ən azından insafsızlıqdır. Yazıçının işi yazmaqdır. Bütün çətinliklərə, məhrumiyyətlərə, laqeydliyə rəğmən və bu sükutun pozulmasına çalışmaq və yazmaq. Hər şeyə rəğmən yazmaq, bütün çətinliklərə rəğmən kitabı təbliğ etmək, ədəbiyyatı sevdirməyə çalışmaq lazımdır. Yorulmaq və ruhdan düşmək isə məğlubiyyəti qəbul etməkdir. Kitabın və ədəbiyyatın məğlubiyyəti isə bizim üçün çox böyük faciə ola bilər.