SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Diplomatlar Şuşada: Pənahəli xanın sarayı, Mehmandarovların malikanəsi və Qazançı kilsəsi

Azərbaycandakı diplomatik korpusun nümayəndələri bu gün Şuşa şəhərinə səfər çərçivəsində Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə baş çəkib, Qazancı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Sputnik

BAKI, 9 iyul — Sputnik. Azərbaycandakı diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə səfər çərçivəsində Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə baş çəkib, Qazancı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Sputnik Azərbaycan xəbər verir ki, əvvəlcə diplomatlara Pənahəli xanın sarayının tarixi haqqında məlumat verilib, işğal dövründə sarayın erməni vandallığına məruz qaldığı bildirilib. Qonaqlar sarayın qalıqlarına baxıb, erməni vəhşiliyinin izlərinin şahidi olublar.

Mehmandarovların malikanə kompleksində diplomatlara burada törədilən dağıntılar barədə məlumat verilib. Bildirilib ki, müharibə dövründə buraya da ciddi ziyan dəyib, dağıntılar törədilib. Hazırda kompleks bərpa olunur.

Sonra diplomatik korpusun nümayəndələri Qazancı kilsəsində olublar. Burada onlara bildirilib ki, işğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Həyata keçirilən işlər çərçivəsində Qazançı kilsəsi də bərpa edilir.

Qeyd edək ki, Qazançı kilsəsi Şuşa şəhərinin yuxarı hissəsində yerləşir. Kilsənin 1868-1887-ci illərdə qədim zərdüşt məbədi üzərində inşa olunduğu bildirilir. Kilsə quruluş baxımından 4 yarımdairəvi çıxışdan ibarətdir. Kilsənin daxili xüsusi memarlıq bəzəkləri olmadan, yonulmuş yerli daşlarla üzlənib. İşğal altındakı torpaqlarımızda olan digər abidələr kimi, bu kilsə də erməniləşdirilib.

17:21

Azərbaycandakı diplomatik korpusun nümayəndələri bu gün Şuşa şəhərinə səfər çərçivəsində Aşağı Gövhər Ağa məscidində olublar.
Diplomatlara məscid barədə ətraflı məlumat verilib, dini abidənin işğal zamanı erməni vandallığına məruz qaldığı bildirilib. Qeyd olunub ki, ermənilər məscidə, məscidin minarələrinə ciddi ziyan vurub.

Qonaqlar məsciddə erməni vandallığının izlərinin şahidi olublar.

17:15

Azərbaycanda akkreditə olunmuş 50-yə yaxın diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçiləri Şuşada Saatlı məscidində olublar. 

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, diplomatlar ermənilərin işğal zamanı məsciddə törətdiyi dağıntılarla tanış olublar. Onlara bu tarixi-dini abidə barədə ətraflı məlumat verilib.

Daha sonra qonaqlar Şuşada Qala çörəyinin dadına baxıblar.

10:07

Azərbaycanda akkreditə olunmuş 50-yə yaxın diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçilərinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, diplomatik nümayəndələr əvvəlcə Füzuli şəhərində tikilməkdə olan Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olacaq, daha sonra "Füzuli" yarımstansiyasına baş çəkəcəklər.

Füzuliyə səfəri tamamladıqdan sonra xarici ölkələrin Azərbaycandakı diplomatik təmsilçiləri Şuşa şəhərinə yola düşəcəklər. Onlar Şuşa şəhərində müxtəlif tarixi, mədəni abidələrlə tanış olacaqlar.

Diplomatik korpus nümayəndələrinin səfəri iyulun 10-da başa çatacaq.

Eləcə də oxuyun: