Hər fəslin bir dərdi var, yayın da problemi sərinliyin olmamasıdır. Kimi sərin külək, kimi sərin kvas, kimi sərin məkan arzusundadır. Abşeronun 40 dərəcə istisində hələ dünən par-par parıldayan ağacın yarpaqları bir gündə solub tökülə bilər. Günün istisi ən sağlam adamı belə əldən salmaq gücündədir.
Dəniz qırağında belə sərinlik olmur bəzən, çünki hava dayanır, külək əsmir, əvəzində isə ətrafda samovar və qəlyandan yayılan qoxunu iyləməli olursan. İsti insanın düz beyninə işləyir.
Bu ustaların da yay dövrü qazancı çox, zamanı az olur
Yayda sərinliyi iki qurğu yaradır: soyuducu və kondisioner. Müasir insan hər əzaba dözməyə hazırdır, təki onun sərinlik azadlığını əlindən almayasan. Günümüzdə hətta Abşeronun bağlarında belə kondisionersiz ev tapılmaz. Dəhşətli isti düşən kimi hər qapıdan sərin hava istehsal edən qurğunun səsi eşidilir. Bakı sakinləri küləksiz və isti havada kondisioner altında yaşamağa üstünlük verirlər.
Yay gəldisə, soyuducu da ağzına qədər dolmalıdır. Ən azı soyuq suya olan tələbat birə on artır. Üstəlik, sərin ayran, kvas, sərinləşdirici içkilər də soyuducunu gərginliklə işləməyə məcbur edir. Qışda yarıboş olan soyuducu yayda imkanından da artıq soyuq istehsal etməyə məhkumdur.
Texnika nə qədər mükəmməl olsa da, bu gərginliyə davam gətirməyərək sıradan çıxır. Yayda soyuducu və ya kondisionerin xarab olması əsil faciədir desək, yanılmarıq. Nə məhsulu saxlamaq olur, nə sərin hava udmaq. Kimsə deyər, nə olsun, xarab olub, usta çağır, düzəltsin də. Elə dərd bu ustanın yayda yoxa çıxmasındadır. Hərənin bir gərgin dövrü olur. Bu ustaların da yay dövrü qazancı çox, zamanı az olur. Bir soyuducunu düzəldir, o biri yanır. Onu yoluna qoyur, başqa bir yerdən sifariş gəlir.
Çağırırsan ustanı, deyir, soyuducunu buzdan təmizləyin, işləyəcək
Bəzən kondisioner ustası gəlib baxır qurğuya, deyir bunda sızma var, frionu uçub gedir, dolduraq gərək. Özü də sızmanın mənbəyi kondisionerin daxilində olsa, təmir filan eləmir, sadəcə qazı vurur, pulunu alır. Deyir, bir rahat vaxtda qurğunu söküb problemi taparıq. Hələlik bir il işləyər, sonra da baxarıq, Allah Kərimdir. Deyirsən, day gəlmisən, elə yerində bax, təmir elə də. Cavabında indi işim çoxdur, bu da 1-2 günümü alacaq, mövsüm bitər, boş zaman yaranar, edərik. Usta var, kondisioneri yumaq kimi işə yayda boyun olmur, yenə deyir zamanım yoxdur, sonra baxarıq.
Soyuducu ustası ilə də eyni vəziyyətdir, sifariş əlindən başını qaşımağa zamanı yoxdur. Evə elə yatmağa gəlir. Bütün günü elə ora çapır, bura çapır. Gəlib çıxanda da vaxtı olmur, baxır qazı yoxdur, doldurur, pulunu alıb gedir. Bir müddət sonra baxırsan, dondurucu kamera işləyir, amma yuxarı hissəyə soyuq çatmır. Yenə çağırırsan ustanı, deyir, soyuducunu buzdan təmizləyin, işləyəcək. Soruşursan, niyə belə? Deyir, daxilində bir detal var, o dəyişməlidir, amma məndə yoxdur. Vaxtım da yoxdur, payızda filanda dəyişərik, hələlik yola ver.
İş ağır oldusa, elə yarımçıq, ala başına kül başına düzəldib gedəcək
Usta çox vaxt briqada üsulu ilə işləyir: maşını da, köməkçisi də olur. Hətta sosial şəbəkədə müştəri toplayan və yönləndirən bir kimisi də var. Ustalar təkcə fərdi soyuducu yox, həm də böyük müəssissələrdə havalandırma sistemləri, nəhəng sənaye soyuducularının də təmiri ilə pul qazanırlar. Belə briqadanı gündəlik qazancı yay mövsümündə 500-700 manata qədər yüksəlir. Qazanır, halal xoşu olsun, amma tapılmır axı. İş ağır oldusa, elə yarımçıq, ala başına kül başına düzəldib gedəcək. Vaxtı yoxdur axı, necə deyərlər, "Time iz money", yəni zaman puldur.
Dükanda işləyən adi satıcı, məktəbdə dərs deyən müəllim, ya da taksi sürücüsü bu qədər gəliri heç yuxusunda belə ağlına gətirməz. Özü də elə yay boyu növbəyə düzülən də onlar olur, amma bu soyuducu ustası gəlib çıxmır ki çıxmır. Bir faktoru da gərək nəzərə alaq: ortalıqda olan fərli-başlı ustanın bir çoxunun daimi işi də var, yəni soyuducu və kondisioner alveri ilə məşğul olan şirkətlərin hər birində bir neçə briqada çalışır. İsti keçən yay mövsümündə marketdən alınan kondisioneri heç vaxt elə həmin gün gətirməzlər. Bəzən bu müddət 5-6 günə kimi uzanır, çünki sifariş çoxdur.
Həmin usta gününə 500 yox, 100 manat qazanacaq
Bir sözlə, ölkədə yüz min müəllim tapılar, amma bir iki min soyuducu ustası tapılmaz. Olanı da artıq iş başındadır. Belə bir vəziyyətin mövcudluğu bazarda işçi qüvvəsinin nə qədər irrasional paylaşıldığına bir sübutdur. Maliyyə meneceri, bank işçisi, ibtidai sinif müəllimi, mühasib, hüquqşünas kimi peşələrə yiyələnən insanın bir dərdi var: heç olmasa az da olsa, bir kiçik maaşla iş tapıb işləmək. Soyuducu və kondisioner ustası isə yatmağı arzulayır, pul da istəmir, çünki qazancı var, amma rahatlığı yoxdur.
Kimsə deyər, bəs ajiotaj indidir, sabah birigün yay bitəcək, bunlar işsiz qalacaqlar. Heç də yox, müasir dövrdə soyuducunun evdə olması mütləqdir, deməli qışda da iş var. Kimsə kondisionerlə ev qızdırır, onun da təmirinə ehtiyac olur. Sadəcə həmin usta gününə 500 yox, 100 manat qazanacaq. Hələ bir rahatca yatmaq imkanı da olacaq.
Bazarda nəinki soyuducu, kondisioner ustasına ehtiyac var, həm də yaxşı bənna, qaynaqçı, santexnik, kompüter və televizor ustası kimi peşədən olan mütəxəssisə daim tələbat duyulur. Yaxşı dərzinin qapısını döyürsən, deyir, vallah, məşğulam, qoy qalsın, bir həftəyə düzəldib verərəm. Bir sözlə, bu bazar bir çim yağdır, yeyəni yoxdur.
Bu "mühəndis"in nəzəri biliyi var, praktik təcrübəsi isə yox
Bu vəziyyətlə hər gün rastlaşırıq. Bacarıqsız usta doludur, bacarıqlısı yoxdur. Yayda heç nə biri tapılır, nə də o birisi. Nazirlik də, maşallah, boldur. Peşə təhsili ilə məşğul olan Təhsil Nazirliyi, işlə təminat, məşğulluq xidməti məsələlərini tənzimləyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, gənclərin məşğulluq problemlərinə yardımçı olan Gənclər və İdman Nazirliyi var. Nazirlik və komitə çoxdur, bircə iş tapmaq çətindir, çünki düzgün yönləndirmə olmayıb. Hərə əlinə bir diplom alıb eləcə dükanda satıcı, marketdə və restoranda administrator, kafedə ofisiant kimi çalışır. Əmək bazarının araşdırılması, monitorinqi düzgün aparılmır.
Əgər yuxarıda adı hallanan dövlət qurumları 3-4 hesabat dərc etməklə bazarda olan vəziyyət barədə heç olmasa ildə bir dəfə düzgün məlumat paylaşa bilsəydilər, nə soyuducu ustası problemi olardı, nə də illərini kitabxaçılıq, teatrşünaslıq və ya ekologiya fakültəsində itirmiş minlərlə gənc işsiz qalmazdı. Hətta soyuducu sistemlər üzrə ali təhsili olan nə qədər şəxs var. Bu "mühəndis" bir soyuducu və ya kondisionerin öhdəsindən rahat gəlməlidir, amma nəzəri biliyi var, praktik təcrübəsi isə yox. Bir sözlə elm oxuyub, tətbiq etmək imkanı olmayıb. İndi də 300 manatlıq iş belə tapa bilmir özünə.
Bir sözlə, bu gün əmək bazarına müdaxilə etməyin vaxtı çoxdan çatıb. Kimi dindirsən, deyir bir fərli usta axtarıram. Bax, bu ustaları yetişdirə biləcək bir ciddi dövlət proqramına ehtiyac var. Əvvəl monitorinq aparılmalı, sonra da yüzlərlə peşə kursları yaradılmalıdır. Bəlkə onda işləməyən soyuducu və kondisionerləri təmir edib yayda sərinlik taparıq.