Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə iyulun 6-da axşam saatlarında Qazax rayonu ərazisində Azərbaycan Respublikasının Ermənistanla sərhəd zolağında yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın Ermənistan Respublikası ərazisində başlayıb və Azərbaycan Respublikasının ərazisinə keçib. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində Qazax rayonunun Aslanbəyli və Qaymaqlı kəndləri ərazisinə (quru ot və kol-kos olan açıq ərazilər) keçən yanğınların geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın səhər saatlarında söndürülüb. Təqribən, 180 ha sahədə quru ot və kol-kos yanıb.
Azərbaycan- Ermənistan sərhədində yanğın
Azərbaycan- Ermənistan sərhədində yanğın başlayıb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Ermənistanla Qazax rayon sərhədində düşmən quru ot sahələrinə alov vurub.
Qazaxın Qaymaqlı kəndi ilə sərhəd olan ərazidə baş verən yanğının kənd ərazisinə keçməməsi üçün 3 yanğınsöndürən maşın cəlb olunub.
Qeyd edək ki, Azərbaycan tərəfdəki əraziyə yaxın yaşayış evləri yoxdur.
Hadrutda meşə zolağı yandırıldı
İyulin 5-də Fövqəladə Hallar Nazirliyinə Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumat əsasında dərhal nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.
Füzulidə minalanmış ərazidə yanğın
İyunun 30-da Füzuli rayonunda geniş açıq sahədə və qismən meşə zolağında yanğın hadisəsi baş verib. FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Qacar kəndi yaxınlığında geniş açıq sahədə və qismən meşə zolağında (minalanmış ərazi, ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.