BAKI, 6 iyul — Sputnik. "Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) arasında aparılmış müzakirələr nəticəsində BMT QAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
"Ümumiyyətlə vurğulamaq istərdik ki, Azərbaycan humanitar missiyaların həyata keçirilməsi ilə bağlı beynəlxalq hüquq prinsiplərini, xüsusilə də dövlət suverenliyi prinsipini rəhbər tutaraq beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır. Bu xüsusda, BMT QAK missiyasının azad olunmuş ərazilərimizdə həyata keçirilməsi ilə bağlı təşkilatdan konkret məlumatın təqdim edilməsini gözləyirik. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında BMT QAK missiyasını qəbul etməyə hazırdır", - deyə Leyla Abdullayeva bildirib.
Azərbaycanlılar doğma yurdlarına qayıda bilmirlər
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edildi.
Ancaq Vətən müharibəsindən aylar keçməsinə rəğmən, yurd-yuvasından didərgin düşmüş azərbaycanlılar doğma torpaqlarına qayıda bilmirlər. Buna səbəb isə işğal altında olan ərazilərdə yaşayış məntəqələrinin yerlə yeksan edilməsi ilə yanaşı, ermənilərin həmin ərazilərə yüz minlərlə mina basdırmasıdır.
İndiyədək Yerevan Bakıya saxlanılan ermənilər müqabilində Ağdam, Füzuli və Zəngilanın mina xəritələrini verib.
Eləcə də oxuyun:
Bakı Rusiya vasitəsilə Yerevandan daha iki rayonun mina xəritəsini aldı
Aİ Qarabağ münaqişəsinin həllində iştirak etməyib – Borrel
Ermənistanın sərhəddə insidentlərlə bağlı müraciətlərinə baxan KTMT hansı qərarı verib?