Paşinyan diplomatları bağışlamır – Ermənistan XİN-də repressiyalar davam edir

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ona qarşı çıxmış nazirliyin kollektivini bağışlamaq niyyətində deyil.
Sputnik

BAKI, 6 iyul — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyində gərgin vəziyyət yaşanır. Sputnik Azərbaycan xəbər verir ki, Ermənistanın "Hraparak" nəşri Ermənistan XİN-indən azad düşünən diplomatların uzaqlaşdırılması prosesinin davam etdirildiyini bildirir.

Nəşr yazır ki, bu qəbildən olan diplomatların "Facebook" hesabı hökumət tərəfindən diqqətlə araşdırılır.

"Əgər Tanrı göstərməsin, "Mülki razılaşma" partiyasının əleyhinə yazılan postda şərh və ya layk görülsə, onda diplomatlar yalnız xaricdə işləmək hüququndan deyil, karyera inkişafı perspektivindən də məhrum olacaqlar", - deyə nəşr yazır.

Qeyd olunur ki, Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ona qarşı çıxmış nazirliyin kollektivini bağışlamaq niyyətində deyil.

Nəşr yazır ki, XİN əməkdaşlarına səbir etmək və yeni nazirin təyinatını gözləməyi məsləhət görürlər.

Qeyd edək ki, "Hraparak" nəşri isə öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyində qalmaqalın olacağını yazıb. Nəşr yazır ki, iyulun birinə qədər xaricdə yeni iş yerlərinə getməli olan onlarla erməni diplomatın bu ölkələrə göndərilməsi təxirə salınıb. Nəşr yazır ki, buna səbəb həmin diplomatların Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan tərəfindən təyin olunmasıdır.

Ayvazyanın istefası

Qeyd edək ki, mayın 27-də xarici işlər nazirinin səlahiyyətlərini icra edən Ara Ayvazyan Nikol Paşinyanın Azərbaycanla təmas xəttində vəziyyətin deeskalasiyası barədə planını açıqlayandan sonra istefa verib.

Bundan sonra erməni mətbuatı XİN-də gözlənilən kütləvi istefalardan yazmağa başlayıb. Daha sonra xarici işlər nazirinin dörd müavini – Qagik Qalaçyan, Avet Adonts, Artak Apitonyan və Arment Gevondyan da istefa ərizəsi yazıblar. Sonuncunun istefası qəbul edilməyib.

Hazırda Ermənistan hakimiyyət dairələrində xarici işlər naziri və onun müavinləri vəzifəsinə namizədlərin fəal axtarışı gedir.

"Hazırda seçim Baş nazirin müavininin səlahiyyətlərini icra edən Mger Qriqoryanın üzərində dayanıb", – deyə mətbuat yazır.

O da qeyd olunur ki, Qriqoryanın namizədliyi Rusiya tərəfindən qəbulediləndir, bundan başqa, o, böyük iş təcrübəsinə malikdir.

Qriqoryan özü isə bu məsələyə münasibət bildirmək istəməyib, sadəcə, onda belə bir məlumatın olmadığını qeyd edib. "Bəs belə bir təklif gələrsə, qəbul edərsinizmi?" sualına cavabında isə yeni hökumətin formalaşdırılması ilə bağlı suallara cavab vermədiyini deyib.

Keçmiş nazir minalanmış ərazilərin xəritəsini gizlədirmiş

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu günlərdə sabiq xarici işlər naziri Ara Ayvazyanı əsirlərin qaytarılması prosesini əngəlləməkdə ittiham edib. O bildirib ki, əsir məsələsini mayın 27-dək həll etmək mümkün olmayıb.

"Ayvazyan bizim tərəfdaşlara deyirdi ki, guya minalanmış ərazilərin xəritəsi mövcud deyil, hansıları ki, artıq o, istefa verəndən sonra biz qarşı tərəfə verdik. Ayvazyan istefa verəndən sonra məsələ həll olundu", - deyə o qeyd edib.

A.Qriqoryanın sözlərinə görə, A.Ayvazyan təkcə yalan danışmayıb, həm də əsirlərin qaytarılması prosesini əngəlləyib.

A.Qriqoryan hesab edir ki, sabiq nazirin təhlükəsizlik məsələlərini həll etmək istəyi olmayıb və o, yalnız Baş nazir əvəzi Nikol Paşinyanın siyasi komandası üçün problemlər yaratmaq məqsədi güdüb: "Bizdə suallar yaranır, necə oldu ki, problem uzun müddət həll olunmurdu, Ara Ayvazyan istefa verən kimi və danışıqlarda iştirakı dayanan anda məsələ həllini tapdı?"

Ermənistan hakimiyyətinin mina xəritələrini əsirlərin qaytarılması qarşılığında təhvil verməyə hazır olub-olmaması barədə suala cavabında A.Qriqoryan istənilən konstruktiv addıma analoji qaydada cavab verməyə hazır olduqlarını deyib.

Mina xəritələrinin verilməsi

Qeyd edək ki, indiyədək Ermənistan Azərbaycana vaxtilə işğal etdiyi ərazilərdən yalnız üç rayonun mina xəritəsini verib. 

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

İyulun 3-də isə Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Əvəzində Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Eləcə də oxuyun: