TƏHLİL

Avropa çempionatının finalının bir addımlığında

Futbol üzrə Avropa çempionatının yarımfinalının nəticələri barədə fərziyyələri ilə oxucularla Sputnik Azərbaycan-ın köşə yazarı Fuad Məmmədov-Paşabəyli bölüşür.
Sputnik

Qitə birinciliyi son mərhələsinə yaxınlaşır – bu gün və sabah yarımfinal oyunları keçiriləcək və finalçılar məlum olacaq. Yarımfinal cütlükləri müəyyən olunub: bu dördlüyə daxil olan milli komandalar dəri top oyununun həvəskarlarına yaxşı məlumdur. Yarımfinal dördlüyünə zəngin və şanlı futbol tarixi olan komandalar daxildir.

Bütün komandalar qələbəyə köklənib və düşünürəm ki, əziz futbol həvəskarları, bizi sizinlə bu komandalar arasında finala çıxmaq və Avropanın ən güclü komandası adını qazanmaq uğrunda güzəştsiz oyunların seyri gözləyir. Bu komandaların imkanları necədir, hansı yığma daha yaxşı hazırlığa malikdir və kimin rəqib üzərində qələbə çalmaq şansı çoxdur? Əziz dostlar, gəlin, vəziyyəti təhlil edək və bu suallara hansısa dərəcədə cavab verməyə çalışaq...

İtaliya – İspaniya

İtalyanlar dördqat dünya çempionlarıdır (1934, 1938, 1982, 2006-cı illər), Avropa çempionu adını isə cəmi bir dəfə, 1968-ci ildə İtaliyada keçirilən üçüncü qitə birinciliyində qazanıblar. Bu, Dzoff, Faketti, Burniç, Matsolla, Rivera, Riva, Prati kimi böyük futbolçuların oynadığı komanda idi. Beləliklə, öz evlərində keçirdikləri birincilik hələ ki, italyanların qələbə qazandığı yeganə Avropa çempionatıdır.

Onu da qeyd edək ki, bundan əlavə Apenninlər iki dəfə qitə birinciliyinin finalına da çıxa biliblər. 2000-ci ildə onlar həlledici oyunda fransızlara, 2012-ci ildə isə ispanlara 4:0 hesabı ilə məğlub olublar. Bəli, bəli, məhz bu gün yarımfinalda oynayacaqları və yəqin ki, əvəz çıxmaq istəyəcəkləri ispanlara. Ədalət naminə demək lazımdır ki, ovaxtkı ispan millisini indiki ilə müqayisə etmək mümkün deyil. Həmin komandada İker Kassililyas, Jerar Pike, Serxio Ramos, Xavi, Andreas İnyesta, Fernando Torres, David Silva var idi.

Hazırkı İspaniya komandası əvvəlki komandaya bənzəmir, lakin onu da yaddan çıxarmaq lazım deyil ki, bu ölkənin millisi üç dəfə Avropa çempionu (1964, 2008, 2012-ci illər), 2010-cu ildə isə CAR-da keçirilən mundialın qalibi olub.

Gördüyümüz kimi, rəqiblərin hər ikisi dünya futbolunun qrandlarıdır, lakin buna baxmayaraq, bu komandaların vəziyyəti xeyli fərqlidir. Əgər İtaliya millisi yüksəliş dövrünü yaşayırsa və ən yüksək səviyyəli oyun nümayiş etdirirsə, İspaniya yığması hazırda aşkar tənəzzül dövründədir. Düzdür, ispanların heyətində perspektivdə ən yüksək səviyyəli oyunçular hesab edilə biləcək futbolçular var, lakin onlar hazırkı çempionatda kifayət qədər solğun oyun nümayiş etdirirlər.

Pirineylilər qol vəziyyətlərindən yaxşı istifadə edə bilmirlər: onların hücumçuları Jerar Moreno və Alvaro Morato bir-birinin ardınca oyunları batırır və bununla da azarkeşlərdə onların həqiqətən yüksək səviyyəli oyunçu olduğuna şübhə yaranır. Ola bilər ki, yalnız Ferran Torres hücumda kifayət qədər etibarlı oynayır, amma bu da yüksəlişdə olan italyanlara qarşı oyunda qələbəyə ümid etmək üçün bir göstərici deyil.

Nə qədər çalışsam da, pireneylilərin az və ya çox dəqiq oyun təsvirini müəyyənləşdirə bilmirəm. Düşünürəm ki, Luis Enrike yığmanın məntiqli oyununun qurulmasından daha çox komandada öz nüfuzunun bərqərar edilməsi ilə məşğuldur. O, əsas qapıçı rolunu Simona həvalə edərək David de Xeanı ehtiyatda saxlayıb – bununla birtəhər razılaşmaq olar, çünki son zamanlar Xea o qədər də yaxşı oynamır və bunu onun "Mançester Yunayted"dəki oyunlarından görmək olur. Halbuki Davidin komandada nüfuzu var və istəsə, kmandandada oyun əzmini alovlandıra bilərdi.

Enrike ispan futbolunun sözsüz nüfuz sahibi olan Serxio Ramosu yığmaya dəvət etməyib. Məşqçi ilə bu futbolçu arasında yumşaq desək, bəzi fikir ayrılıqları var idi.

Aydındır ki, istənilən komandada məşqçi öz nüfuzunu təsdiq etmək istəyir, lakin Avropa çempionatı, hər necə olsa, ölkənin bütün futbol gücünün bir yerə toplanmasını tələb edir. Əgər ispanlar yaxşı oyun nümayiş etdirsəydilər, o zaman həqiqət Enrikenin tərəfində olardı. Lakin pireneylilər oyundan-oyuna baxımsız oyun nümayiş etdirirlər və bu da yığmanın hazırkı ustadının bir baş məşqçi kimi bacarıqsız olduğu barədə fikirlər doğurur.

Bu oyunda mənim sözsüz favoritim İtaliya millisidir. Komanda turnirdə parlaq oyun göstərir, uğurun ətəyindən yapışıb və birincilikdə qalib gəlməyə köklənib. Roberto Mançini İtaliya millisi ilə ciddi iş aparıb: müxtəlif klubları təmsil edən oyunçular bir-birini gözəl başa düşür və ahəngdar oyun oynayırlar. Bu, təkcə futbolçuların deyil, baş məşqçinin də yüksək səviyyəsindən xəbər verir.

Lakin məni narahat edən bir fakt var. Mundiallardan fərqli olaraq Avropa çempionatlarında gözlənilməz hallar daha çox olur. Qeyd edim ki, bundan əvvəlki qitə birinciliyində Portuqaliya millisi o qədər də baxımlı oyun oynamırdı, lakin buna baxmayaraq qitənin ən güclüsü olmağı bacardı. O vaxt bir çoxları portuqaliyalıların qələbəsinin səbəbini onların baş məşqçisi Fernandu Santuşun ayağına yazaraq, məşqçinin bütün bunları əvvəlcədən gördüyünü və komandası üçün taktika, ola bilər ki, solğun, lakin qələbəyə aparan taktika seçdiyini dedilər. Ola bilər ki, həqiqətən belə olub. Lakin hazırkı qitə birinciliyində də portuqaliyalıları elə həmin Santuş hazırlamışdı, amma nədənsə onların oyununda dahiyanə taktiki sxemləri mən görə bilmədim.

Bunu ona görə deyirəm ki, istənilən gözlənilməz hadisə baş verə bilər. Turnirdə tale hələ ki, ispanlara qarşı mötədil olub. İndiyə qədər onlar ancaq uda biləcəkləri komandalarla qarşılaşıblar. İtalyanlar isə tamamilə başqa məsələdir. Əgər Luis Enrike apenninlilərə qarşı bir zərdab tapa bilsə, o zaman mən onun barəsində fikrimi dəyişəcəyəm. Lakin düşünürəm ki, bu baş verməyəcək. Finala Roberto Mançininin komandası çıxacaq.

İngiltərə - Danimarka

Mən artıq dəfələrlə demişəm ki, Danimarka millisi demək olar ki, otuz il əvvəlki uğuru təkrar etmək ümidindədir. O zaman, 1992-ci ildə İsveçdə keçirilən qitə birinciliyində Peter Şmeyxel, Lars Olsen, Henrik Larsen, Kim Vilfort, Fleminq Poulsen, Brian Laudrupun komandası ən güclü olub.

Bu əfsanəvi komanda möcüzə yaradıb və danimarkalıların hazırkı nəsli həmin nailiyyəti təkrar etməyi arzulayır. Komandanın bütün mövqelərdə əla icraçıları var, qapını isə İngiltərənin "Lester" komandasının qapıçısı, əfsanəvi Peterin oğlu Kasper Şmeyxel qoruyur.

Danimarka millisinin ən güclü tərəfi oyunçuların bir-birinə və öz məşqçisinə inamıdır. Danimarkalılar fiziki cəhətdən əla hazırlaşıblar, sürətlə oynayırlar, standart vəziyyətlərdən uğurla istifadə edirlər, habelə meydanda bir-birini yaxşı başa düşürlər. Lakin bununla yanaşı yığmanın zəif tərəfini də qeyd edək: ilhamla oynasalar, demək olar ki, onların qarşısını almaq mümkün deyil, yox əgər həvəsdən düşsələr, o zaman danimarkalılar xeyli zəifləyirlər.

Məhz buna görə skandinaviyalılar oyunun əvvəlindən, mümkün qədər tezliklə uğur qazanmağa can atırlar. Bu, birmənalı olaraq öz oyunçularını tanıyan məşqçinin təlimatıdır. O başa düşür ki, erkən uğur onun yetirmələrində döyüş ruhunu yüksəldəcək və bu zaman onların qarşısını kəsmək mümkün olmayacaq.

Lakin onu da nəzərə almaq lazımdır ki, bu dəfə onların rəqibi İngiltərə millisidir. Nə qədər qəribə olsa da, yarımfinal dördlüyündə Avropa çempionu olmayan yeganə komanda elə futbolun yaradıcılarıdır. Bundan əlavə, öz tarixi boyunca yığma bircə dəfə də olsun qitə birinciliyinin finalına da çıxmayıb. Yalnız bircə dəfə, 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatında ingilislər yarımfinala çıxıblar, lakin həmin birinciliyin qalibi olan almanlara məğlub olublar.

Ancaq futbolun yaradıcıları 1966-cı ildə İngiltərədə keçirilmiş mundialda çempion olublar. Bununla da dumanlı Albion nümayəndələrinin gurultulu uğurları bitir. İngiltərə futbolçularının bir çox nəsli Avropa çempionatlarında uğur qazanmağa çalışıb, lakin buna nail ola bilməyiblər. Bu dəfə futbolun yaradıcıları finalın bir addımlığındadırlar və düşünürəm ki, skandinaviyalıların öhdəsindən gəlmək üçün əllərindən gələni edəcəklər. İngilislər ən azı rəqiblərinin bütün vərdişlərinə malikdirlər, bundan əlavə, onların heyətində Danimarka futbolçularından səviyyəcə yüksək oyunçular kifayət qədərdir.

Bəzi futbol mütəxəssisləri bildirirlər ki, ingilislərin baş məşqçisi Qaret Sautgeyt komandanı elə hazırlaşdırıb ki, oyunçular birincilik davam etdikcə formaya düşür və oyundan-oyuna daha yaxşı oynayırlar. Əgər Qaret Sautgeyt həqiqətən bəzi ekspertlərin ona şamil etdiyi həmin müstəsna qabiliyyətlərə malikdirsə, o zaman ingilislərin danimarkalıları dəf etməkdə heç bir çətinliyi olmamalıdır.

Bundan əlavə, o, Uels və Çexiya millilərinin baş məşqçilərinin etməkdə aciz olduğunu etməlidir. Yəni, danimarkalıları həvəsdən salmağı bacarmalıdır. Düşünürəm ki, bunun üçün ən yaxşı zərdab ingilislərin özlərinin erkən qol vurması, danimarkalıların hücumçuları ilə sıx təmasda oynamaq ola bilər ki, bu da ingilislərin ulduz müdafiəçilərinin öhdəsindən gələ biləcəyi işdir.

Erkən qola gəldikdə, qeyd etməliyəm ki, Harri Keyn deyəsən öz oyununu tapıb, Rahim Sterlinq isə heç oyununu itirməyib də: bunları nəzərə alaraq ehtimal etmək olar ki, bu cür görkəmli hücumçular öz şanslarını əldən verməyəcəklər. Bu şansı isə onlar üçün məşqçilərin əvvəldən hazırladığı sxemlər əsasında komanda yoldaşları yaratmalıdırlar. Əgər ingilislər erkən qol, yaxud ilk otuz dəqiqə ərzində qol vura bilsələr və danimarkalılara geniş oynamağa imkan verməsələr, bu o demək olacaq ki, Qaret Sautgeyt nəinki hər şeyi başa düşüb, həm də öz futbolçularının vasitəsilə hər şeyi edib.

Danimarka millisi öz maraqlı oyunu sayəsində mənim rəğbətimi qazanmasına baxmayaraq, bu yarımfinal oyununda mənim favoritim İngiltərə yığmasıdır.

İndi isə əziz futbol həvəskarları, gəlin bir az səbirli olaq və diqqətimizi zəiflətmədən televizor ekranları ətrafına toplaşaq: yarımfinallar başlayır...