İDMAN

Bakıda keçirilən oyundan sonra Çexiya millisinin kapitanı komandada karyerasını başa vurub

Futbol üzrə Avropa çempionatının Bakıda keçirilən dörddəbir final oyununda Çexiya millisinin kapitanı 80-ci dəqiqədə meydana çıxıb, lakin komandasına məğlubiyyətdən yaxa qurtarmaqda kömək edə bilməyib
Sputnik

BAKI, 5 iyul — Sputnik. AVRO-2020-nin Bakıda keçirilən dörddəbir final oyunu Çexiya millisinin kapitanı Vladimir Darida üçün milli komandada sonuncu qarşılaşma olub. Bu barədə Sputnik Azərbaycan futbolçunun İnstagram səhifəsinə istinadən xəbər verir.

Şənbə günü Danimarka millisi AVRO-2020 dörddəbir final oyununda Çexiya yığmasına 2:1 hesabı ilə qalib gəlib. Bununla da Çexiya millisi Avropa çümpionatında mübarizəni dayandırıb. Millinin kapitanı Vladimir Darida isə oyunun 80-ci dəqiqəsində meydana çıxıb. Oyundan sonra isə Darida milli komandada karyerasının başa çatdığını elan edib.

"Biz AVRO-2020 ilə sağollaşdıq, bundan sonra mən kapitanı olmağı özümə şərəf bildiyim komanda yoldaşlarımla vidalaşdım. Asan olmadı, lakin uzun düşüncələrdən sonra mən yığmada karyaramı başa çatdırmağa qərar verdim. Mən milli komandada gözəl vaxtlar keçirmişəm. İndiyə qədər futbol naminə hər şeyi qurban verirdim və o da mənə artıqlaması ilə hər şeyi verirdi, verir də. Bu mövsümdə mən 140 gün evdən kənarda, oyunlarda və toplanışlarda keçirmişəm. İndi isə ailəm və balaca oğlumla daha çox baxt keçirmək istəyirəm", - deyə Darida yazıb.

Qeyd edək ki, Darida Çexiya milli komandasında 2012-ci ildə debüt edib. Berlinin "Gerta" komandasının yarımmüdafiəçisi ölkəsinin milli komandasının heyətində 76 oyun keçirərək 8 qol vurub.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları keçirilib. Ötən şənbə günü Danimarka millisi AVRO-2020 dörddəbir final oyununda Çexiya yığmasına 2:1 hesabı ilə qalib gəlib.

Futbol üzrə Avropa çempionatının Bakıda keçirilən dörd oyununa ümumilikdə təqribən 61,2 min azarkeş tamaşa edib. Ən çox tamaşaçı olan oyun qrup mərhələsinin ikinci turunda Türkiyə və Uels yığmaları arasında qarşılaşma olub – 19,7 min nəfər. Ən az tamaşaçı isə ilk turda, Uels-isveçrə qarşılaşmasında qeydə alınıb – 8,7 min tamaşaçı. Türkiyə-İsveçrə oyununu 17,1 nıəfər azarkeş ziyarət edib, Danimarka və Çexiya milliləri arasında dörddəbir final oyununa isə stadionda 16,3 min nəfər tamaşa edib.