CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyənin yüksək səviyyəli müşahidəçiləri Bakıda hərbçiləri mükafatlandırdılar

Azərbaycan və Türkiyə ordularının təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.
Sputnik

BAKI, 3 iyul - Sputnik. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərinin son mərhələsi hər iki ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.

Azərbaycan və Türkiyə ordularının təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.

Birgə təlimlər müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.

“Mustafa Kamal Atatürk-2021” təlimləri

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iyunun 28-də Bakıda "Mustafa Kamal Atatürk – 2021" birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

Təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb olunub.

Azərbaycanla Türkiyənin birgə təlimləri

Konyada yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi mayın 24-də başlamışdı. Azərbayan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının da iştirak etdiyi təlimlər iyunun 6-da başa çatıb.

İyunun 21-də start götürmüş "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimi isə iyulun 3-də bitəcək. Azərbaycan HHQ-nin hərbi pilotları təlimlərdə müxtəlif tapşırıqları icra edirlər.

Eləcə də oxuyun: