BAKI, 3 iyul - Sputnik. Bakı iki rayonun mina xəritələrinin müqabilində Ermənistana 15 nəfəri təhvil verib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir.
"3 iyul 2021-ci il tarixində Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib.
Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik", - məlumatda qed olunur.
XİN-in bəyanatında mina xəritələrinin əldə edilməsinin on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcəyi və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəyi vurğulanır.
"Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib", - məlumatda deyilir.
Vətən müharibəsi
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.
Ağdamın mina xəritələri hansı şəraitdə verildi
Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Bu hadisədən bir neçə gün sonra, iyunun 22-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sabiq xarici işlər naziri Ara Ayvazyanı əsirlərin qaytarılması prosesini əngəlləməkdə, eləcə də mina xəritələrini gizləməkdə ittiham edib.
"Ayvazyan bizim tərəfdaşlara deyirdi ki, guya minalanmış ərazilərin xəritəsi mövcud deyil, hansıları ki, artıq o, istefa verəndən sonra biz qarşı tərəfə verdik. Ayvazyan istefa verəndən sonra məsələ həll olundu", - deyə o qeyd edib.
Qarabağda mina qurbanları
Baş Prokurorluğun məlumatına görə, 2020-ci il noyabrın 10-dən bəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeddi hərbçi və 20 mülki şəxs mina düşərək həlak olub, daha 86 hərbçi və 29 mülki şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Eləcə də oxuyun:
Gürcüstan yenə Bakı ilə Yerevan arasında vasitəçi olmağa hazırdır - Qaribaşvili
Prezident: Ağdamın mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var
Aİ mina xəritələrinin Azərbaycana verilməsinə çağırıb