İDMAN

Çexiya millisinin baş məşqçisi: Bakıda azarkeşlərmiz üçün darıxırıq

Futbol üzrə Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavı Bakıda keçiriləcək dörddəbir final oyunundan gözləntilərini dilə gətirib.
Sputnik

BAKI, 2 iyul — Sputnik. Futbol üzrə Çexiya millisi Bakıda çexiyalı azarkeşlərsiz darıxacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu oyundan əvvəlki mətbuat konfransında Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavı deyib.

İyulun 3-də Bakı Olimpiya stadionunda Danimarka və Çexiya milli komandaları arasında AVRO-2020 dörddəbir final oyunu keçiriləcək. Oyun Bakı vaxtı ilə 20.00-da başlanacaq.

Məşqçi bildirib ki, Bakıda Budapeştdəkindən tamamilə fərqli abu-hava olacaq.

"Təəssüf ki, Bakıda çexiyalı azarkeşlər və Budapeştdə olan abu-hava da olmayacaq. Azarkeşlərimiz üçün darıxacağıq. Bizim uzun bir uçuşumuz oldu, lakin biz onu yaxşı keçirdik. Qarşıda bizi çox vacib oyun gözləyir və biz bütün diqqətimizi ona yönəldəcəyik", - deyə Şilqavı bildirib.

Mütəxəssisi onu da bildirib ki, yetirmələri üçün Bakıda havanın isti olması üzündən də çətin olacaq.

"Budapeştdə hava mülayim idi, burada isə daha qızmar hava var. Bu səbəbdən oyunçular çoxlu su içir, vitamin qəbul edirlər. Biz Bakıya cümə axşamı gəlmişik, ümid edirəm ki, bu qədər vaxt bizim oyunçularımızın şəraitə uyğunlaşması üçün bəs edəcək", - deyə Şilqavı vurğulayıb.

Daha sonar çexiyalı mütəxəssis Danimarka komandasının gücünün kollektivin ruhunda olduğunu dilə gətirib.

"Rəqibin heyətində parlaq ulduzlar yoxdur, lakin çoxsaylı yüksək səviyyəli oyunçular var. Bundan əlavə, Danimarka millisinin əsas silahı onlarda yüksək komanda ruhunun olmasıdır", - deyə o vurğulayıb.

Çexiya millisinin kapitanı Vladimir Daida da Bakıda havanın çox isti olduğunu və onun həmkarlarının çoxlu su içməli olacaqlarını deyib.

"Lakin rəqibimiz olan Danimarka millisi də bizimlə eyni vəziyyətdədir. Şəxsən mən oynamağa hazıram və əgər məşqçi məni meydana buraxsa, bütün gücümü sərf edəcəyəm", - deyə Darida bildirib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə iyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.