Bakı Nəqliyyat Agentliyi AVRO-2020 ilə bağlı növbəti açıqlama yaydı

Avropa çempionatının 4/1 final oyunu çərçivəsində Bakı Olimpiya stadionunda keçiriləcək Danimarka-Çexiya oyununa bilet alan azarkeşlərin təyin olunan məntəqələrdən stadionuna və geriyə daşınması üçün ekspress marşrut xətləri təşkil ediləcək.
Sputnik

BAKI, 2 iyul — Sputnik. İyulun 3-də AVRO-2020 Futbol üzrə Avropa çempionatının 4/1 final oyunu çərçivəsində Bakı Olimpiya stadionunda keçiriləcək Danimarka-Çexiya oyununa bilet alan azarkeşlərin təyin olunan məntəqələrdən stadionuna və geriyə daşınması üçün ekspress marşrut xətləri təşkil ediləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) xəbər yayıb.

Məlumatda bildirilir ki, X-1 marşrut xətti "Qara Qarayev" metro stansiyası yaxınlığında yerləşən "Sevinc" kinoteatırının önündən, X-2 marşrut xətti isə "28 May" metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyava küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyun bitdikdən sonra isə ekspres xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək. Avtobusla geri qayıtmaq üçün azarkeşlər stadionu şərq və ya şimal qapıları istiqamətində tərk etməlidirlər.

Xaricdən gələn azarkeşlərin daşınması da ekspres xətt avtobusları ilə icra olunacaq. Bunun üçün P21 və P22 olmaqla əlavə iki ekspres xətt təşkil edilib. P21 xətti üzrə avtobuslar Xəlil Rza Ulutürk küçəsi-"Dəniz Mall"-un qarşısı, P22 xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətlərdə hərəkət edəcəklər. Qeyd olunduğu kimi P21 və P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.

Azarkeşlərdən stadiona gələrkən şəxsi nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə olunur. Bəzi azarkeşlər avtomobillərini Bakı Olipmiya Stadionu ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park edirlər ki, bu da süni nəqliyyat sıxlıqlarına səbəb olur. Bu cür qanunsuz parklanma halları ilə əlaqədar Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən müntəzəm və ekspress xətlər üzrə sərnişin avtobuslarının hərəkət intervalında yubanmalar yaranıb. Xüsusi ilə avtobusların "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə giriş-çıxışında çətinliklər müşahidə olunub. Sərnişinlərin rahat daşınması və lüzumsuz yerə vaxt itirməməsi üçün Bakı Olimpiya Stadionu ətrafındakı yollarda, o cümlədən yolun hərəkət hissəsində, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edilən digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələri nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa təxliyyə olunacaq.

Ümidvarıq ki, hərəkət iştirakçıları tövsiyələri nəzərə alaraq müəyyən edilən qaydalara riayət edərək nəzərdə tutulan nəqliyyat əməliyyatlarının icrasına dəstək olacaqlar.

Qeyd edək ki, iyulun 3-ü həm ictimai avtobuslar, həmçinin də metro fəaliyyət göstərəcək.

Xatırladaq ki, AVRO-2020-nin Bakıda keçirilən oyunları ilə əlaqədar iyun ayının 12-dən ictimai nəqliyyatın iş qrafikində xüsusi dəyişikliklər edilib. AVRO-2020-nin oyun keçirilən günlərində Bakıda ictimai nəqliyyat işləyir. Metro adi günlərdən fərqli olaraq gecə saat 02:00-a qədər sərnişin daşıyır. Onu da qeyd edək ki, AVRO-2020-nin Bakıda keçirilən son oyunu sabaha, iyulun 3-nə təsadüf edir.

Həmçinin oxuyun:

BNA "AVRO-2020"nin oyunlarına bilet alan azarkeşlərə müraciət edib

Bakıdakı avtomobil sahiblərinə müraciət: BNA və DYP anlayış gözləyir