BAKI, 1 iyul — Sputnik. "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Əsasnaməsi təsdiq edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qoruğun maliyyələşdirilməsi
Qoruğun maliyyələşdirilməsi dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir. Qoruğun inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər Qoruqların İdarəetmə Mərkəzi tərəfindən toplanılır.
Toplanılan gəlirdən Qoruğun inkişaf etdirilməsi məqsədilə Qoruğun direktorunun təklifləri əsasında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin qərarı ilə Qoruğun ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə olunur.
Qoruğun fəaliyyətinin dayandırılması və ya ləğvi
Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla və ya yenidən təşkil edilə bilər.
Prezidentin Sərəncamı
Qeyd edək ki, Prezident İlham Əliyev 2020-i ilin iyunun 8-də "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncam Beşbarmaq dağının Azərbaycan tarixi və mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə imzalanıb.
Sərəncama əsasən, Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilir. Dövlət Turizm Agentliyinə "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunmasını təmin etmək tapşırılıb. Nazirlər Kabineti Dövlət Turizm Agentliyi, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası və Siyəzən Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməli, "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisinin xüsusi rejimini üç ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli idi
Sənədə görə, "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməli idi. Sərəncamda qeyd olunur ki, Azərbaycanın nadir təbiət abidələrindən olan Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisindəki Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc – ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir. İlk orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi "Xəzər sahil mühafizə konstruksiyaları" daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib.
Eləcə də oxuyun:
Çörəyi ver çörəkçiyə - Buradan da gəlir götürəcəyik
Almaniyalı professoru “Beşbarmaq dağı”na gətirən nə idi?
Beşbarmaq qalasının 4 qala bürcündən ikisi aşkarlanıb