YAZARLAR

Kometanın quyruğunda gələn xəstəliklər: yayılma sürəti çox yüksəkdir

Mukormikoz adlanan qara göbələk xəstəliyinə Hindistanda əvvəl də rast gəlinirdi, sadəcə hazırda onun yayılması epidemiya halını alıb.
Sputnik

Demək olar hər gün müxtəlif platformalarda yeni-yeni virus və xəstəlik barədə qorxulu xəbərlər paylaşılır. Adı hallanan ölkələr sırasında Hindistan bir növ liderlik edir. Gündə bir xəbər gəlməsə, mümkün deyil. Hazırda dünyada koronavirus pandemiyasının Hindistanın Delta variantının yoluxma gücü daha çox olan yeni ştammı - “Delta Plus” (K417N) sürətlə yayılmağa davam edir. 11 ölkədə yeni ştamma rast gəlinib.

Virusun nə vaksini, nə də dərmanı yoxdur

Virus dayanmadan mutasiyaya uğrayır deyə, yeni ştammlara ad qoymaq məsələsi də çətinləşir. Biri Britaniyada üzə çıxır, digəri Cənubi Afrika Respublikasında, bir başqası da Braziliyada. Bu səbəbdən alimlər hər bir ştammı yunan əlifbasının hərifləri ilə adlandırmağa qərar veriblər. Britaniya ştammı “Alfa”, CAR ştammı “Beta”, Braziliya ştammı “Qamma”, iki Hindistan ştammı isə “Delta” və “Kappa” adlandırılıb.

Xəstəlik xəbərləri əhalinin gözünü çox qorxudur. Hərə bir cür reaksiya verir. Kimsə ümumən xəbər oxumur, “olacağa çarə yoxdur” fikri ilə yaşayır. Düşünür, Hindistanda “Nipax” (NiV) virusunun aşkarlanması bizə nəsə verirmi? Bu virus yarasalarda tapılıb: insana ötürülsə, demək olar müalicəsi yoxdur. Ölüm faizi 40-75 faiz təşkil edir. Beyin damarlarının iltihabı (ensefalit) və ya respirator xəstəliklərə yol açır. Virusun nə vaksini, nə də dərmanı yoxdur. Ümumdünya Səhiyyə Təşkilatı “Nipax”ı dünyanın ən təhlükəli virusu adlandırıb.

Bu ölkədə artıq yaşıl, qara, ağ, sarı göbələk aşkarlanıb

Kimsə də xəbərləri çox diqqətlə izləyir, hər yeni virus məlumatı belə insanı şok vəziyyətinə salmağa qadirdir. Oxuyub ürəyini tutub gəzən yüzlərlə şəxs var. Bu da bir iş deyil, əslində. Hindistanda son zamanlar koronavirusun yaratdığı bir neçə fəsad sırasında dəhşətli göbələk xəstəliklərini qeyd etmək olar. Bu ölkədə artıq yaşıl, qara, ağ, sarı göbələk xəstəliyi aşkarlanıb. Hər biri də digərindən təhlükəlidir.

Bu göbələklərin əmələ gəlməsini alimlər koronavirusla əlaqələndirir. Müalicə bitdikdən sonra immunitetin zəifləməsi nəticəsində insan orqanizmi üçün təhlükəli olan göbələk xəstəliyi çoxalır. Elə Hindistanda aşkarlanan bu halların arasında ən geniş yayılanı qara göbələkdir. Mukormikoz adlanan qara göbələk xəstəliyinə Hindistanda əvvəl də rast gəlinirdi, sadəcə hazırda onun yayılması epidemiya halını alıb. Koronavirusu keçirən xəstələrdə immunitetin zəifləməsi qara göbələyə münbit şərait yaradır. Nəticədə əgər elə həmin Hindistanda ildə cəmi 20 mukormikoz  xəstəsi aşkarlanırdısa, hazırda iyun ayına olan statistikaya əsasən, son dövrdə xəstələnənlərin sayı 31216 nəfərə çatıb. Onlardan 2109 nəfəri artıq dünyasını dəyişib.

“İngilis təri” xəstəliyinə tutulmuş insanların sağ qalmaq şansı yox idi

Dünyanın bir sıra aparıcı KİV-ində gedən xəstəlik xəbərləri, Hindistandakı vəziyyətin ağırlığı, yeni ştammların tədricən başqa ölkələrə yayılması nə dərəcədə qorxuludur? Nədənsə çəkinməyə, ehtiyat etməyə əsas varmı?

Öz-özümüzü qorxutmağa əsas yoxdur, çünki Afrika qitəsində, Amazonun meşəliklərində olan bir sıra virus yerli əhali üçün nə qədər təhlükəsiz olsa da, kənar turistlər üçün ölümcül ola bilər. Bu virusların bir hissəsi hansısa yolla Avropaya düşsə, bir xeyli insanın ölüm təhlükəsi ilə üz-üzə qalacağı da mümkündür. Amma viruslar nədənsə elə öz arealında qalmaqda davam edir. Epidemiya və pandemiyaların nədən yaranması, xəstəliklərin birdən-birə nədən sürətlə yayılması isə sual doğurur. Maraqlı nümunə də az deyil.

1485-ci ildə İngiltərədə heç kimin bilmədiyi bir xəstəlik yayılır. “İngilis təri” adlanan bu xəstəliyə tutulmuş insanların demək olar sağ qalmaq şansı yox idi. Xəstəlik zamanı insanda olduqca böyük həcmdə tər yaranırdı. Minlərlə insan xəstəlikdən xilas ola bilmədi, sağalanlar barədə də məlumata rast gəlinmir. O dövrün həkimləri də nə etmək lazım gəldiyini bilmirdirlər. “İngilis təri” bir müddət yoxa çıxsa da, sonralar 1508, 1518, 1528-ci illərdə yenidən peyda olaraq minlərlə insanın həyatına son qoyub. Sonuncu dəfə xəstəliyin 1551-ci ildə yenidən qayıtdığı barədə məlumat var. Bundan sonra “İngilis təri” tam olaraq itib, heç bir zaman özünü büruzə verməyib, müasir tibbdə onun barəsində heç bir məlumat yoxdur. Sadəcə nə vaxtsa mövcud olduğu barədə arxiv sənədlərində yazılara rast gəlinir.

Elə 16-cı əsrin ortalarında İngiltərədə yeni bir qızdırma növü peyda olur. Ona qəribə ad da verilir “yeni xəstəlik”. Minlərlə insanın məhv edən xəstəlik nəticədə gəldiyi kimi də yoxa çıxır, heç bir zaman İngiltərədən başqa digər məkanda özünü büruzə vermir.

Kometaların səthində virus və bakteriyaların yaşaması üçün ideal şərait var

Belə halları nə o dövrün, nə də bu günün alimləri elmi yolla izah edə bilmir. Bu xəstəliklər necə yaranıb? Niyə birdən birə yox olublar? Bilinmir. Hətta bəşəriyyətə ən ciddi zərbə vurmuş ispan qripinin özü də kifayət qədər müəmmalıdır, çünki heç kimin gözləmədiyi halda əmələ gəlib, milyonlarla insanın həyatına son qoyub və sonra da çəkilib gedib. Özünü heç bir zaman ilkin versiyada olan kimi göstərməyib.

Britaniyalı astronom Fred Hoyl və tanınmış alim Vikram Sinqxin maraqlı bir hipotez irəli sürüblər. Onların fikrincə, epidemiyaların yayılması kometaların hərəkətinə bağlıdır. Haradasa 50 il öncə düşünülmüş hipotez sübuta yetirilməsə də, rədd edilməyib. Alimlərin düşüncəsinə görə, kometaların səthində virus və bakteriyaların yaşaması üçün ideal şərait var. Yer planeti ilə üzləşdikdə atmosferə daxil olan kometa qalıqlarının yerə səpələnməsi epidemiyaların başlanması üçün zəmin ola bilər. Hər hansı bir xəstəliyin planetdə çox sürətlə yayılmasının izahı yoxdur: insandan insana və ya müxtəlif həşərat və heyvanların vasitəsilə xəstəliyin bu sürətlə yayılması mümkün deyil.

Xəstəlik xəbərləri pandemiyanın özündən daha zərərlidir

Bu nəzəriyyəni elə həmin Afrika və ya Amazonda olan xəstəliklərin elə oradaca qalması, dünyanın başqa hissələrinə keçməməsi də təsdiqləyir. Virus birdən birə epidemiya halında yayılırsa, bunun elə bir haradansa səpələndiyi qənaətinə gəlmək olar. Meteorit və kometa qalıqları sistematik olaraq Yerə tökülür. Keçmişdə göy üzündə hər hansı bir kometanın peyda olması qədim insanlarda bir qorxu yaradırdı, çünki məhz bundan sonra epidemiya dalğası gəlirdi.

Bir neçə başqa alimin fikrinə görə, virus və bakteriyaların Yer üzündə xüsusi məkanları var. Müəyyən dövrdə onlar yatmış vəziyyətdə zamanı gözləyir, sonra nədənsə yarasa və ya digər heyvanlar vasitəsilə üzə çıxaraq milyonlarla insanın həyatına son qoyurlar.

Koronavirus pandemiyasının da çox sürətlə yayılması bu hipotezlərin elə də elmdən uzaq olmadığına bir işarədir. Mövcud nəzəriyyəni yoxlamaq üçün ciddi elmi tədqiqata əlbəttə ehtiyac var. Yəni gələcəkdə planetdə yayıla biləcək xəstəliklərin mahiyyətini anlamaq və qarşılayıcı tədbirlər görmək üçün epidemiya və pandemiyaların necə yaranmasının, nə səbəbdən sürətlə yayılmasının səbəbini ciddi araşdırmaq gərəkdir.

Bu gün bizdə qorxu yaradan xəstəlik xəbərləri insan orqanizminə pandemiyanın özündən daha ciddi zərər vurur. Ciddi araşdırmalar isə qorxuya qalib gəlməyin yolunda bəşəriyyət üçün bir xilas yolu ola bilər.