BAKI, 30 iyun — Sputnik. Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik və Xosrovyan Alyoşanın cinayət işi üzrə məhkəmənin növbəti iclasında şahidlər dindirilib.
Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Zahid Həsənov dindirilib.
Onun sözlərinə görə, 1994-cü ildə erməni hərbçiləri tərəfindən əsir götürülüb: “Biz 4 nəfər əsir Xankəndidə saxlanırdıq. Mən, Sergey, Azər Aslanov və digər bir əsir. 5-6 erməni hərbçi gəldi, Azər Aslanovu komandirin otağını təmizləməyə apardılar, iki saatdan sonra geri qayıtdılar. Sonra həmin əsiri yenidən apardılar. Ermənistan xüsusi xidmət orqanları onu söhbətə tutmağa başladılar. Bir saatdan çox söhbət apardılar. Həmin ermənilər gəldilər ki, otağı Sergey təmizləyəcək. Məlum oldu ki, onlar Azər Aslanovu ələ alıblar və otağı təmizlətdirməyiblər. Sergey gəldi, dedi ki, Azər otağı təmizləməyib. O hadisədən sonra Azərə istədiyi yeməyi verirdilər. Məlum oldu ki, Azər Aslanov ermənilərlə işbirliyinə girib. Həmin il də Azər Aslanov Bakıda metronu partlatdı".
--------
10:17
Bu gün Bakıda bir neçə erməni terrorçunun və bir xarici vətəndaşın məhkəməsi keçiriləcək.
Qəddar tərcüməçi və kəşfiyyatçı məhkəmə qarşısında
Sputnik Azərbaycan-ın məlumatına görə, Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Lüdvik Mkrtıçyan və Alyoşa Xosrovyanın cinayət işi məhkəmə prosesi davam etdiriləcək.
Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək bu günki prosesdə təqsirləndirilən şəxslər ifadə verəcəklər.
Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.
İstintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.
İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.
Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.
Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.
İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.
Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.
Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.
Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.
Qarabağda döyüşən əcnəbi vətəndaşın məhkəməsi davam edir
Bu gün Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan ediləyi və təqsirləndirilən şəxsin ifadə verməsi gözlənilir.
Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
Eləcə də oxuyun:
Ölkəmizin adı bəzən heç statistikaya aid edilmirdi - Mübariz Qurbanlı
Ermənistanın Laçında törətdiyi cinayətə görə Baş Prokurorluq iş açdı
Ermənistanın mina xəritələrini verməməsi məcburi köçkünlərin qayıdışını ləngidir - XİN