Təhsil nazirinin çevik qanun arzusu

Emin Əmrullayev deyib ki, yeni hazırlanan qanun layihəsi Azərbaycanda fəaliyyət göstərən bütün ali məktəblər üçün qəbul edilən olmalıdır.
Sputnik

BAKI, 29 iyun — Sputnik. Azərbaycan son 30 il ərzində uğurla inkişaf edən ölkələrdən biridir. Ölkəmizin inkişaf tarixində 1990, 2010 və 2020-ci illər bir-birindən kəskin fərqlənir. Əgər Birinci Qarabağ müharibəsi ilə əlaqədar olaraq 1990-cı illərdə məcburi köçkünlərin ali məktəblərə köçürülməsindən danışırdıqsa, 2020-ci ildə İkinci Qarabağ müharibəsində Zəfərimizdən sonra işğaldan azad edilən ərazilərimizdə ali təhsil məktəblərinin yaradılmasından danışırıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsinin müzakirələri zamanı deyib.

Təhsil naziri qeyd edib ki, 30 ilin inkişaf dinamikasının fonunda təhsilimizdə çox böyük fərq var. Yeni hazırlanan qanun layihəsi Azərbaycanda fəaliyyət göstərən bütün ali məktəblər üçün qəbul edilən olmalıdır.

Emin Əmrullayev bildirib ki, Azərbaycanda dərslik proqramlarının tənzimlənməsi çox vacibdir. Qəbul prosesinin fərqli kontekstdə aparılması da mütərəqqi addımlardan biridir. O, yeni qanun layihəsində diferensial yanaşmanın nəzərə alınmasını vacib sayıb. Qeyd olunub ki, qanunun çevikliyi onun maddələri ilə tənzimlənir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İşçi qrupun rəhbəri Bəxtiyar Əliyev bildirib ki, təhsilin keyfiyyətinin təmin olunması çox mühüm məsələdir. Təhsilimizin qədim ənənələri var, amma yeniliklərin tətbiq olunması mütləqdir. Elm və təhsil sahəsində maliyyə məsələlərini həll etmək üçün Elm İnvestisiya Fondunun yaradılması çox yaxşı olardı. Ali təhsil müəssisələri öz iş yerlərini yaratmalıdırlar.

Bəxtiyar Əliyev vurğulayıb ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün yeni tədqiqat mərkəzlərinin yaradılması və xarici mütəxəssislərin cəlb edilməsi çox vacibdir. Attestasiyanın aparılması kadrların hazırlanması ilə bağlı qarşıda duran mühüm vəzifələrdəndir. Azərbaycanın dayanıqlı və davamlı inkişafının təmin edilməsi istiqamətində bu amillər çox vacibdir. Bildirilib ki, təhsil alan hər bir şəxsin kredit ala bilməsi təhsilin keyfiyyətinə müsbət təsir edən amillərdəndir.

Milli Məclisdə müzakirə

İyunun 29-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

İclasda təhsil naziri Emin Əmrullayev, təhsil nazirinin müavinləri, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin rektoru Ədalət Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və digər ali təhsil ocaqlarının nümayəndələri iştirak ediblər. İclasın gündəliyinə bir məsələ - "Ali təhsil haqqında" Azərbaycan Respublikası Qanunu daxil edilib. 

Mövcud qanunvericiliyin təhlili göstərir ki, ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyanı sürətləndirmək məqsədilə kifayət qədər zəruri dövlət proqramlarının icrasına, "Təhsil haqqında" Qanuna dəyişiklik və əlavələrin edilməsinə baxmayaraq, ali təhsilin qanunvericilik bazası yetərincə təmin edilməyib.

Ali təhsil haqqında məsələlər "Təhsil haqqında" Qanunda əsasən bir maddədə və çox qısa formada əksini tapıb. Bu sahədə məsələlər digər normativ və hüquqi sənədlər əsasında tənzimlənir. Halbuki bu məsələlər qanunla tənzimlənməlidir. Bu, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbidir. Ona görə də ilk dəfədir ki, Azərbaycanda "Ali təhsil haqqında" Qanun hazırlanıb.

Həmçinin oxuyun:

* Təhsil naziri qəbul zamanı testə düşən suallarla bağlı narahatlığını dilə gətirdi

* Nazir parlamentə getdi: "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəsinə qatılacaq