Futbol üzrə İspaniya millisi Avropa çempionatının 1/8 final oyununun əlavə vaxtında 2018-ci ilin dünya vitse-çempionları olan xorvatlar üzərində qələbə qazanıb.
Bazar ertəsi Kopenhagendə baş tutan qarşılaşma 5:3 hesabı ilə ispanların xeyrinə başa çatıb.
Oyunun 20-ci dəqiqəsində xorvatlar qapıçıya topu səhv ötürmüş ispaniyalı Pedrinin avtoqolundan sonra irəli çıxıblar. İspaniyalılar buna Pablo Sarabiya (38), Sesar Aspiliketa (57) və Ferran Torresin (77) qolları ilə cavab veriblər.
Lakin Xorvatiya millisi Mislav Orşiç (85) və Moskva "Spartak"ının keçmiş yarımmüdafiəçisi Mario Paşaliçin (90+2) səyləri ilə hesabı bərabarləşdirməyə nail olub.
Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə edilmiş vaxtda İspaniya millisinin oyunçuları Alvaro Morata (100) və Mikel Oyarsabal (103) daha iki dəfə xorvatların qapısına yol tapıblar.
Pedri (18 yaş 215 gün) bu oyuna çıxmaqla ingilis futbolçusu Ueyn Runinin rekordunu vuraraq (18 yaş 224 gün) Avropa çempionatlarının pley-off mərhələsində oynamış ən gənc futbolçu olub.
AVRO-2020 1/4 finalında İspaniya millisi iyulun 2-də Sankt-Peterburqda bu gün Buxarestdə keçiriləcək Fransa-İsveçrə qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.