CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağda bərpa olunana qədər Qazaxın "qonağı" olan sənət: dünyanı təkrar valeh edəcəyik

Əsl qadın peşəsi olan xalçaçılıq 44 günlük Vətən müharibəsindən sonra artıq tarix carçısına çevrilir - Qazaxdakı xalçaçı xanımlarımız Qarabağ xalçaçılıq sənətini dirçəltməkdə həvəslidirlər.
Sputnik

BAKI, 28 iyun — Sputnik. Onlar uzun müddətdir Qarabağ xalçalarını kövrələrək toxuyublar. Hər ilmədə nisgil, həsrət, kədər olub. Amma indi o nisgil geridə qalıb. Bu gün Təbriz ipləri ilə Qarabağ xalçası toxuyan qazaxlı xanımlar yenə kövrəlirlər. Bu artıq sevinc duyğusundan yaranan kövrəklikdir. Çünki bu xalçalar indi azad Qarabağın şərəfinə toxunur.

Pandemiya səbəbindən uzun müddət fəaliyyətini dayandıran xalça sexlərinə yalnız aprel ayından işləmək üçün icazə verilib. Hazırda xalça müəssisəsi tam sürətilə çalışır. Xanımlarımız milli naxışları çeşnilərdən ilmələrə köçürürlər. Sputnik Azərbaycan-ın bölgə müxbiri ölkəmizin ən qədim xalçaçılıq mərkəzlərindən olan Qazaxın xalçaçıları ilə həmsöhbət olub.

Qarabağda bərpa olunana qədər Qazaxın "qonağı" olan sənət: dünyanı təkrar valeh edəcəyik

Xalçaçılarımız zəfərimizdən qürurlanaraq həvəslə çalışdıqlarını deyirlər. 50 ilə yaxındır xalçaçılıqla məşğul olan Rahilə Əsgərova bu sahəni öz cəbhəsi sayaraq ilmələri ilə Qarabağ üçün öz töhfəsini vermək istədiyini söyləyib:

"Hazırda ilk dəfə gələn bir Qarabağ xalçası üzərində işləyirəm. Zərif Təbriz ipləri ilə toxuyuram. Bunu toxuduqca qürurlanıram. Düzdür, əvvəllər də Qarabağ xalçaları toxuyurduq. Amma onları bir kədərlə, nisgillə toxuyurduq. İndi isə işlədikcə sevincdən kövrəlirəm. İstəyirik ki, bu sənət Qarabağımızda bərpa olunana qədər o xalçaları Qazaxda toxuyaq. Biz də bununla özümüzü qələbəyə qoşuruq, öz sözümüzü xalçamızla deyirik".

Qazax xalçaçılıq müəssisəsində kifayət qədər təcrübəli xalçaçılar işləyirlər. Çox işləyib, çox məvacib almaq prinsipi ilə çalışan müəssisədə məvaciblər toxunan xalçanın kvadratmetri ilə ölçülür. Bir kvadratmetr xalçaya görə 250 manat ödənilir. 12 yaşından xalçaçılıqla məşğul olan Gülnaz Qurbanova ən sürətli toxuculardandır. O, bir ay ərzində 2 kvadratmetrə yaxın xalça toxuya bildiyini deyib:

"Anam, nənəm, bacılarım, xalalarım hamısı xalçaçı olublar. Hazırda Təbriz ipləri ilə Qarabağ xalçası toxuyuram. Bu yenilikdir bizim üçün. Düzdür, çətin olsa da qürurludur. Ay ərzində 2 kvadrata yaxın xalça toxuyuram. Eyni zamanda xalçaçı olmaq istəyən qızlarımıza bu işin sirlərini öyrədirəm. Əsl qadın peşəsidir".

"Azərxalça"nın Qazax filialının sex rəisi Razim İbrahimov bu gün dünya xalça bazarındakı tələbata uyğun olaraq keyfiyyətli xalçaların toxunmasına üstünlük verildiyini bildirib.

Qarabağda bərpa olunana qədər Qazaxın "qonağı" olan sənət: dünyanı təkrar valeh edəcəyik
"İki ay ərzində biz 110 kvadratmetrə yaxın xalça təhvil vermişik. Bu xalçaların təxminən 90 faizi Qarabağ xalçaları olub. Qarabağ işğaldan azad olunduğu üçün sırf başladıq bu xalçaların toxunmasına üstünlük verməyə. Eyni zamanda yeniliklərimiz də çoxdur. Bu yeniliklər yeni zövqlərə, yeni bazarın tələbatlarına cavab vermək üçün edilir", - deyə R.İbrahimov məlumat verib.

Hazırda bütün xalçaçılıq müəssisələrində Qarabağ xalçalarının parametrinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Ölkəmizə gələn qonaqlara təqdim olunmasında da Qarabağ xalçasına üstünlük verilir.

Eləcə də oxuyun: