BAKI, 27 iyun - Sputnik. İran bundan sonra ölkənin nüvə müəssisələrində aparılan işlərlə bağlı qeydləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) ötürməyəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bəyan edib. Onun sözlərinə görə, agentliyin yoxlama fəaliyyəti ilə bağlı müqavilənin müddəti artıq başa çatıb.
"AEBA-ya verilən son tarix bir neçə gün əvvəl bitdi və uzadılmayacaq. Artıq hər hansı bir qeyd və ya məlumatı agentliyə ötürməyəcəyik", - deyə Qalibaf vurğulayıb.
Bir qədər bundan əvvəl “Bloomberg” agentliyi Tehranın AEBA müfəttişlərinə yoxlamaları uzatmaq niyyəti barədə məlumat vermədiyini yazmışdı.
Daha əvvəl isə, agentliyin də qeyd etdiyi kimi, İran hakimiyyət orqanları sözügedən müqavilənin vaxtının ötən cümə axşamı günü başa çatacağını elan edərək, müqaviləni uzadıb-uzatmayacaqlarını yalnız bundan sonra açıqlayacaqlarını bildirmişdi.
İrandan AEBA-ya qadağa
Qeyd edək ki, İran bu ilin fevral ayının 23-də genişləndirilmiş yoxlamaların dayandırılmasını və AEBA ilə müqaviləyə protokolun əlavə olunmasını nəzərdə tutan “Sanksiyaların ləğvi üçün strateji tədbir” qanunu ilə əlaqədar olaraq öz ərazisində AEBA-nın yoxlama fəaliyyətini məhdudlaşdırıb.
İran hakimiyyəti bildirmişdi ki, əgər nüvə müqaviləsi tərəfləri Tehranın tələblərini yerinə yetirərsə, o zaman bu məhdudiyyət aradan qaldırıla bilər. O da qeyd olunmuşdu ki, bu addım heç də AEBA ilə əməkdaşlıqdan tamamilə imtina etmək və bütün yoxlamaların ləğv olunması demək deyil - nüvə silahının yayılmaması məsələlərində qurumla təmaslar davam etdiriləcək.
Eyni zamanda, rəsmi Tehran öz ərazisində sözügedən beynəlxalq təşkilatın işini məhdudlaşdırmağa başlamazdan əvvəl, onunla İranda yoxlama fəaliyyətinin və monitorinqin üç ay ərzində davam etdirilməsi üzrə müvəqqəti müqavilə də imzalayıb. Sonra həmin müqavilənin müddəti iyunun 24-ə kimi uzadılıb. Artıq bu tarix də geridə qaldığından, müvəqqəti müqavilə qüvvədən düşmüş hesab edilir.
Eləcə də oxuyun:
Buşəhr Atom Elektrik Stansiyasında qəza baş verib
Baydenlə görüşmək niyyətinə deyiləm – İranın yeni prezidenti sərt danışdı
İbrahim Rəisi hökumətinin xarici siyasətdəki əsas vəzifəsini açıqladı