BAKI, 25 iyun — Sputnik. Şəkidə körpənin vurulması ilə nəticələnən avtoqəza baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə bir saat əvvəl şəhərin Heydər Əliyev prospektində, Axundov adına kinoteatrının yaxınlığında baş verib.
Orta yaşlı qadın uşaq arabasındakı 2-3 yaşlı körpəsi ilə yolu keçərkən minik avtomobili arabanı vurub. Daha sonra yaxınlıqdakı iki avtomobilə də çırpılan nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən qaçıb.
Yaxınlıqda olan insanlar və körpənin anası uşaq arabasını aşmış vəziyyətdə tapsalar da, azyaşlı onun içərisində olmayıb. Hətta ətrafa və digər avtomobillərin də altına baxan vətəndaşlar körpəni tapa bilməyiblər.
İyirmi dəqiqə sonra yaxınlıqda bərbər işləyən Hüseyn adlı gənc uşağın hadisə yerindən 30-40 metr aralıya, suötürücü borunun içərisinə düşdüyünü görüb. Borunun içərisi ilə 4-5 metr sürüşüb gedən azyaşlı oradan çıxarılaraq xəstəxanaya göndərilib. Hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasında olan ana və uşağın vəziyyəti kafidir. Hadisəni törədən sürücünün axtarışları davam edir.
Eləcə də oxuyun:
Kriminal qiraət: Damda əməliyyat, səbirsiz toy sahibi və iyunun 25-nin digər hadisələri
"BakuBus"ın avtobusu qəzaya düşdü