BAKI, 24 iyun — Sputnik. 2020-ci il Avropa çempionatının qrup mərhələsi başa çatdıqdan sonra həmçinin Bakıda dörddə bir finalda oynaya biləcək yığma komandalar müəyyən olunub. Sputnik Azərbaycan xəbər verir ki, Bakı Olimpiya stadionunda iyulun 3-də keçiriləcək oyunda Uels-Danimarka və Niderland-Çexiya 1/8 final cütlüklərinin qalibləri qarşılaşa bilərlər.
Beləliklə, əgər Uels yığması Danimarka yığmasına 1/8 finalda qalib gələrsə, o zaman "A" qrupunda iki oyun keçirdiyi və qrup ikincisi olduğu Bakıya qayıda bilər.
Qeyd edək ki, Danimarka millisi pley-off mərhələsinə "B" qrupunda üçüncü yerdən vəsiqə qazanıb.
Öz növbəsində Niderland yığması "C" qrupunda bütün qarşılaşmaları qalibiyyətlə başa vuraraq birinci olub. Çexiya yığması isə pley-off mərhələsinə "D" qrupunda üçüncü yerdən yüksəlib.
Uels və Danimarka yığmaları arasında AVRO-2020 1/8 final qarşılaşması iyunun 26-da Amsterdamda, Niderland-Çexiya qarşılaşması isə iyunun 27-də Budapeştdə keçiriləcək.
1/8 finalın qalan oyunlarının qrafiki isə aşağıdakı kimidir:
İtaliya-Avstriya (26 iyun), Belçika – Portuqaliya (27 iyun), Xorvatiya – İspaniya (28 iyun), Fransa – İsveçrə (28 iyun), İngiltərə – Almaniya (29 iyun), İsveç – Ukrayna (29 iyun).
AVRO-2020 Bakı oyunları
Bakı Olimpiya Stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə, iyulun 3-də isə burada AVRO-2020 1/4 final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.
Eləcə də oxuyun:
Ronaldu yığma komandaların heyətində vurulan qollara görə dünya rekordunu təkrarladı
AVRO-2020-nin 1/8 finalının bütün cütlükləri məlum olub
İspanlar slovakları darmadağın edərək AVRO-2020 pley-off mərhələsinə adladılar