Futbol üzrə Fransa yığması Avropa çempionatının qrup görüşündə Macarıstan millisi ilə heç-heçə oynayıb.
F qrupunda ikinci tur qarşılaşması Budapeştdə keçirilib və 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərində qolu birinci hissəyə əlavə olunmuş vaxtda Attila Fiola vurub. Fransızların cavab topunu 66-cı dəqiqədə Antuan Qrizmann vurub. Oyunu 55 998 azarkeş izləyib, bu AVRO-2020-nin hələlik ən çox azarkeş tərəfindən izlənilən oyunudur.
Oyunun birinci hissəsində Macarıstan yığmasının oyunçusu Adam Soloi isti vurmasından əvəz olunub.
Birinci turda Fransa yığması Almaniyaya qalib gəlib - 1:0, Macarıstan isə Portuqaliya komandasına məğlub olub - 0:3. Almaniya və Portuqaliya yığmalarının oyunu bu gün Münhendə keçiriləcək.
Üçüncü turda Fransa Budapeştdə Portuqaliya ilə, Macarıstan isə Münhendə Almaniya ilə qarşılaşacaq. Oyunlar iyunun 23-də baş tutacaq.