Futbol üzrə Ukrayna millisi AVRO-2020 qrup mərhələsinin ikinci turunda Şimali Makedoniya yığmasına qalib gəlib. Beləliklə ukraynalılar Avropa çempionatlarının final mərhələlərindəki altı məğlubiyyətdən ibarət silsiləni dayandırıblar.
"C" qrupunda Buxarestdə keçirilmiş oyun 2:1 hesabı ilə Ukrayna komandasının xeyrinə başa çatıb. Qalib komandanın tərkibində qolları Andrey Yarmolenko (29-cu dəqiqə) və Roman Yaremçuk (34) vurublar. Makedoniya komandasında isə uğursuz penaltidən sonra Ekziyan Alioski topu rəqib qapısının toruna göndərib.
Ukraynalılar üstünlüklərini daha da artıra bilərdi, lakin Ruslan Malinovski də penaltini qola çevirə bilməyib (84).
Beləliklə Ukrayna komandası üç xal yığıb və turnir cədvəlində, "C" qrupunda üçüncü yerdədir.
Şimali Makedoniya yığması isə ard-arda ikinci məğlubiyyətdən sonra turnir cədvəlində sonuncu yerdə qərar tutub.