CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həlledici oyun: Bu gün Bakıda AVRO-2020-nin "A" qrupunda ikinci qarşılaşmadır

AVRO-2020-nin qrup mərhələsinin ikinci turunda Türkiyə və Uels yığmaları arasında keçiriləcək oyunda anşlaq gözlənilir – demək olar ki, hamı Şenol Günəşin yetirmələrinə azarkeşlik edəcək.
Sputnik

AVRO-2020-nin "A" qrupunda çərşənbə günü, iyunun 16-da qrup mərhələsinin ikinci turunun oyunları keçiriləcək.

Tükdən asılı

Avropa çempionatının qrup mərhələsinin ikinci turu faktiki olaraq, həlledicidir. Belə ki, bu turdan sonra pley-off mərhələsinə çıxmaq uğrunda mübarizəni davam etdirəcək komandalar müəyyən olunacaq. Bundan əlavə, növbəti raunda çıxışına zəmanət almış və bu şansı əldən vermiş komandaların da adları bilinəcək.

Romada ilk turda İtaliya millisinə 0:3 hesabı ilə məğlub olmuş Türkiyə komandasını da sonunculara aid etmək olar. Belə ki, Bakıda Uels yığmasına qarşı oyunda məğlubiyyət türkləri qrupdan çıxmaq şansından məhrum edə bilər.

Aydındır ki, Şenol Günəşin yetirmələri Bakı Olimpiya Stadionunda yalnız qələbə uğrunda oynayacaqlar. Heç bir başqa nəticə onları razı sala bilməz. Belə ki, bu qarşılaşmanın heç-heçə bitməsi türkləri onlardan heç nəyin asılı olmadığı vəziyyətə sala bilər.

"A" qrupunun digər qarşılaşmasında İtaliya və İsveçrə milliləri üz-üzə gələcək və əgər italyanlar öz meydanında daha bir qələbə qazansalar, o zaman qrup mərhələsindən çıxmaqlarını dəqiqləşdirəcəklər. Yeri gəlmişkən, italyanların qələbəsi Türkiyə millisinə də sərf edir. Belə ki, bu halda, türklər Bakıda qalib gəlsələr, qrupda ikinci yerə yüksələcəklər.

Anşlaq gözlərkən

Şenol Günəşin yetirmələrini Uels yığmasının qapısına doğru qovacaq daha bir əhəmiyyətli amil, sözsüz ki, azarkeşlərdir. Hətta Bakı Olimpiya Stadionuna qoyulmuş 50%-lik məhdudiyyətə baxmayaraq, çox güman ki, tribunalarda olacaq tamaşaçıların böyük əksəriyyəti Türkiyə millisinə azarkeşlik edəcək və elə bir ab-hava yaradacaqlar ki, türklər özlərini həqiqətən öz evlərindəki kimi hiss etsinlər.

Hələ ilk oyuna bir həftə qalmış təşkilatçılar bildiriblər ki, Türkiyə millisinin Bakıda Uels yığmasına qarşı oyununa təqribən 20 min bilet satılıb. Oyuna bir neçə gün qalmış isə satılmış biletlərin sayı 25 mini keçib.

Yerli azarkeşlərin irimiqyaslı idman tədbirlərinə biletləri (futbol və ya Formula-1 olmasından asılı olmayaraq) ən son məqamda almaq vərdişlərini nəzərə alsaq, aydın idi ki, oyuna bütün biletlər son günlərdə alınacaq. Və budur, dünən məlum olub ki, 30 min biletin hamısı alınıb. Odur ki, 50%-lik olsa da, anşlaq gözlənilir.

Xatırladaq ki, "A" qrupunda Bakıda iyunun 12-də keçirilmiş İsveçrə-Uels oyunu yerli futbol həvəskarlarının o qədər də böyük marağına səbəb olmayıb. Oyuna stadionda təqribən 8,7 min nəfər tamaşa edib ki, bu da hətta mövcud məhdudiyyətlər şəraitində belə həddən artıq kiçik göstəricidir.

Oyundan əvvəlki gözləntilər

Oyundan əvvəl keçirilən mətbuat komfransında Türkiyə millisinin kapitanı Burak Yılmaz bildirib ki, ilk turda İtaliya yığması ilə oyunda məğlubiyyət komandasının psixoloji vəziyyətinə mənfi təsir edib.

"İtaliyaya uduzduqdan sonra komandada ab-hava yaxşı deyildi, çoxları ruhdan düşmüşdülər. Lakin məşqçilər müvafiq işlər apardılar və biz hazırda optimal vəziyyətdəyik. Biz hələ heç nəyi itirməmişik və Uels komandası üzərində qələbə həm komandada ab-havanı, həm də bizim qrupdakı vəziyyətimizi yaxşılaşdıracaq", - deyə Yılmaz bildirib.

Öz növbəsində Türkiyə millisinin baş məşqçisi Şenol Günəş bildirib ki, qarşıdakı oyun hər iki komanda üçün həlledici olacaq.

"Uelslə oyun bizim üçün çox mühümdür. Faktiki olaraq bu, bizim üçün final oyunu olacaq. Bu iyundan çox şey asılı olacaq. Bəzi komandalar turnirə yaxşı başlayırlar, sonra qabağa gedə bilmirlər, bəzi komandaların isə əvvəl problemləri olur, sonra işləri yaxşı gedir. Məsələn, qitə birinciliklərində qalib gəlmiş Yunanıstan və Danimarka komandalarını misal gətirmək olar. Odur ki, bizim taleyimiz də kifayət qədər uğurlu ola bilər", - deyə Günəş bildirib.

Baş məşqçi həmçinin Türkiyə millisinin Bakıda özünü evdəki kimi hiss etdiyini və Azərbaycana isti qarşılanmaya görə minnətdar olduqlarını bildirib.

Uels millisinin kapitanı Qaret Beyl isə tamaşaçıların çox olacağı oyunu səbirsizliklə gözləyir və onun üçün azarkeşlərin, demək olar ki, hamısının rəqib komandanı dəstəkləyəcəyinin heç bir əhəmiyyəti yoxdur.

"Tamaşaçıların çox olduğu şəraitdə oynamaq həmişə maraqlıdır. Biz anlayırıq ki, bütün 30 min tamaşaçı bizim əleyhimizə azarkeşlik edəcək. Lakin bu bizim üçün ilk belə hal deyil. Sadəcə soyuqqanlı olmaq və öz işini görmək lazımdır", - deyə Madrid "Real"ının keçmiş oyunçusu bildirib.

Uelslilərin baş məşqçisi Rob Peyc isə Bakıda keçiriləcək oyunun tempinə isti havanın təsir edə biləcəyini dilə gətirib.

"Rəqibimizə hörmətlə yanaşırıq. Bu, yüksək səviyyəli komandadır, özü də onu çoxlu sayda azarkeş dəstəkləyəcək. Amma biz yenə də qələbə uğrunda oynayacağıq. Hesab edirik ki, pley-off mərhələsinə çıxmaq üçün dörd xal kifayət edəcək", - deyə Peyc bildirib.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya Stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda İsveçrə-Uels oyunu artıq keçirilib. Bundan başqa, daha üç oyun - Türkiyə-Uels (16 iyun), İsveçrə-Türkiyə (20 iyun) oyunlarının, iyulun 3-də isə AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.