BAKI, 15 iyun - Sputnik. Baş məşqçi Şenol Günəş Türkiyə millisinin Bakıda özünü evdə kimi hiss etdiyini və Azərbaycana isti qarşılanmaya görə minnətdar olduqlarını bildirib. Bu barədə o, Uels ilə sabahkı oyundan qabaq keçirilən mətbuat konfransında deyib.
İyunun 16-da A qrupunda AVRO-2020-nin qrup mərhələsinin ikinci turunun oyunları olacaq. Bakı Olimpiya stadionunda Türkiyə millisi Uels komandası ilə, Romada isə İtaliya İsveçrə yığması ilə oynayacaq. İlk turda türklər italyanlara məğlub olublar (0:3), isveçrəlilər isə uelslilərlə heç-heçə oynayıblar (1:1).
KİV nümayəndələri ilə ünsiyyətinin əvvəlində Türkiyə yığmasının baş məşqçisi Azərbaycana isti qəbula görə minnətdarlıq edib.
"İlk növbədə, azərbaycanlı qardaşlarımıza təşəkkür edirəm, biz burada özümüzü evimizdəki kimi hiss edirik. Çox gözəl və rahat stadiondur və ümid edirəm ki, bizim üçün uğurlu olacaq. Biz artıq İtaliya ilə oyun barədə düşünmürük, bütün fikirlərimiz gələcəyə yönəlib. Uelslə oyun bizim üçün çox mühümdür. Faktiki olaraq bu bizim üçün final oyunu olacaq", - Günəş deyib.
Mütəxəssis hesab edir ki, onun komandasının qrupdan çıxmaq üçün yaxşı şansları var.