BAKI, 12 iyun - Sputnik. "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan "Airbus A320" təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.
Bu barədə Azərbaycan Hava Yollarından (AZAL) Sputnik Azərbaycan-a verilən məlumatda deyilir. Bildirilir ki, laynerin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib. Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü məlum olub.
Təyyarənin göyərtəsindəki 142 sərnişin isə aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.
AZAL Bodruma və Dalamana uçur
Azərbaycan Hava Yolları (AZAL) bir müddət əvvəl bildirmişdi ki, iyun ayından Bakıdan Bodrum və Dalaman kurortlarına xüsusi reyslər açılacaq.
Bu istiqamətdə uçuşlar iyunun 25-dən başlanır. Cədvələ görə, Bakı-Bodrum-Bakı reysləri hər gün, Dalamana və geriyə uçuşlar isə həftədə üç gün - bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcək.
Azərbaycan loukosterinin Türkiyə təklifləri
Buta Airways aviaşirkəti də Bakıdan Alanyaya uçuşları bərpa edərək Ankaraya reyslərin sayını artırıb.
İyulun 3-dən aviaşirkət Bakı-Alanya-Bakı reyslərinə start verir. Uçuşlar həftədə bir dəfə - şənbə günləri gerçəkləşəcək.
Ankaraya uçuşların sayı da artır: iyunun 19-dan Buta Airways Türkiyə paytaxtına həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri reyslər təşkil edəcək.
Eləcə də oxuyun:
AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib
Nazirlər Kabineti bir sıra vacib qərarlar verib: Aviauçuşlarla bağlı mühüm dəyişikliklər
İyunun 10-dan Rusiya vətəndaşları hava yolu ilə Azərbaycana səfər edə biləcəklər