İDMAN

AVRO-2020 üçün akkreditasiyası olan şəxslər dəmir yolu ilə ödənişsiz daşınacaq

Bakı Avropa çempionatının üç qrup oyununa və 1/4 final mərhələsinin bir qarşılaşmasına ev sahibliyi edəcək.
Sputnik

BAKI, 8 iyun — Sputnik. Futbol üzrə Avropa çempionatına akkreditasiyadan keçmiş şəxslərin Abşeron dairəvi dəmir yolu ilə ödənişsiz daşınmasına başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Xəbərdə qeyd edilir ki, bu, akkreditasiyadan keçmiş şəxslərin çempionat müddətində oyunlara hazırlıq mərhələləri və oyun günlərində nəqliyyata olan tələbatlarını qarşılamaq məqsədi daşıyır. Akkreditasiyadan keçməni təsdiq edən sənədi olan hər bir şəxs 5 iyul 2021-ci il tarixinədək elektrik qatarları ilə ödənişsiz hərəkət imkanına malikdir. Qeyd edək ki, Bakı Avropa çempionatının üç qrup oyununa və 1/4 final mərhələsinin bir qarşılaşmasına ev sahibliyi edəcək. Bakıdakı oyunlar 12,16,20 iyun və 3 iyul tarixlərində keçiriləcək.

Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels – İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.

Onu da xatırladaq ki, Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaq. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcəklər. Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək olacaq. Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunacaq. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir. Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq. Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fanzonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.