İDMAN

AVRO-2020-də azarkeşlər nəyi və necə edə bilərlər: Videotəlimat

Bilet almış azarkeşlər Bakı Olimpiya Stadionuna və geriyə iki ekspres marşrutu və metro vasitəsilə daşınacaqlar; A4 kağız ölçüsündən böyük çantalar Depolara təhvil verilməlidir
Sputnik

BAKI, 8 iyun — Sputnik. Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı azarkeşlər üçün təlimatlar hazırlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, təlimatlarda deyilir ki, oyun günü stadiona gələrkən biletlərinizi təhlükəsiz yerdə saxlayın və bilet yoxlanış məntəqəsinə yaxınlaşarkən onları əlinizdə yoxlanış üçün hazır edin. Oyun günü stadionda bilet satışı həyata keçirilməyəcək və stadiona biletsiz giriş mümkün olmayacaq.

Daha sonra təlimatda deyilir:

Bilet almış azarkeşlər Bakı Olimpiya Stadionuna və geriyə iki ekspres marşrutu və metro vasitəsilə daşınacaqlar. X-1 marşrut xətti Qara Qarayev metro stansiyası yaxınlığında yerləşən Sevinc kinoteatırının önündən, X-2 marşrut xətti 28 May metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyava küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyun bitdikdən sonra ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək.

Bundan əlavə siz stadiona taksi və Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi vasitəsi ilə gələ bilərsiniz (Koroğlu Metro Stansiyasının yaxınlığında Piramida tərəfdə taksi nişanı göstəriləcək). Xüsusi buraxılışınız yoxdursa, stadiona şəxsi nəqliyyat vasitələri ilə gəlmək qadağandır. Oyun bitdikdən sonra ekspres marşrutlar və metro azarkeşləri geriyə daşıyacaqlar.

Daha sonra sənəddə bildirilir ki, oyun günü Stadionun Tamaşaçı qapıları oyundan 3 saat əvvəl açılacaq.

Stadiona giriş zamanı sıxlığın yaranmaması və sosial məsafəyə diqqət olunması baxımından biletlərinizin üzərində göstərilən zaman aralığında stadiona gəlməyiniz tövsiyə olunur.

Təhlükəsizlik məqsədilə bütün girişlərdə təhlükəsizlik yoxlamaları həyata keçiriləcək. Xahiş olunur, təhlükəsizlik işçilərinin təlimatlarına yerində əməl edəsiniz.

Giriş zamanı tamaşaçıların hərarəti yoxlanılacaq və sizin hərarətiniz 37.5-dən yuxarı olarsa siz tibb məntəqələrinə istiqamətləndiriləcəksiniz və hərarətiniz hələ də 37.5 dən yuxarı olarsa bu halda sizdən ekspres covid test götürüləcək. Xahiş olunur, gigiyena qaydalarına diqqət göstərin və COVID-19 üçün nəzərdə tutulmuş qabaqlayıcı təlimatlara əməl edin.

Stadiona çanta ilə gəlmək qadağandır. A4 kağız ölçüsündən böyük çantalar və ya hansısa qadağan olumuş bahalı əşyalar buraxılış məntəqələrinin yaxınlığında yerləşən Çanta Depolarına təhvil verilməlidir.

Spirt və alışqanlar qadağan olunmuş əşyalardır və onlarla stadiona giriş mümkün olmayacaq. Qadağan olunmuş əşyaların daha ətraflı siyahısı ilə Bakı Olimpiya Stadionunun saytında tanış olmq olar.

Stadiona giriş yalnız etibarlı matç bileti ilə mümkündür. Yaşından asılı olmayaraq hər bir kəsin stadiona giriş üçün etibarlı matç bileti olmalıdır.

Biletləri stadiondan almaq mümkün deyil. Bilet sahibi turniketi keçdikdən sonra yenidən geri qayıdarsa, onun stadiona təkrar daxil olmasına icazə verilməyəcək.

Qidalanma məsələlərinə dair Təlimatda deyilir:

Tamaşaçı qapıları açıldıqdan etibarən stadionun daxilində qida və içki məntəqələri fəaliyyət göstərəcək.

Xatırladaq ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels (12 iyun), Türkiyə - Uels (16 iyun) və Türkiyə - İsveçrə qarşılaşmaları (20 iyun), eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək (3 iyul).