CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixlə təbiətin əsarətində: Dövlətçiliyimizin təməllərindən biri təhlükədədir - FOTO

Nağıllardakı kimi gözəl təbiət qoynunda Şirvanşahlara məxsus bir qala var. Biz zamanların möhtəşəm abidəsi görkəmi ilə sanki imdad diləyir. Buğurd qalasının bugünkü durumu ilə Sputnik Azərbaycan-ın müxbiri Rəşad Kərəmoğlu maraqlanıb.
Sputnik

 

BAKI, 6 iyun — Sputnik. Azərbaycan dövlətçilik tarixində önəmli yeri olan Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından hesab edilən Buğurd qalası irigövdəli ağacların təsirindən dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Mütəxəsislərin fikincə, tezliklə əraziyə diqqət ayrılmasa, arxeoloji tədqiqat işləri ilə bərabər konservasiya-bərpa işləri də aparılmasa, günümüzə qədər gəlib çatan bu abidə tarixə qovuşacaq.

Yolumuz Şamaxı şəhərindən 20 km şimal-qərbdə, hər tərəfi meşə ilə örtülü olan hündür dağ zirvəsində yerləşən Buğurd qalasınadır. Enişli-yoxuşlu, döngəli yolardan, nağıllardakı kimi dərədən, təpədən, çaydan keçib Qala dərəsi kəndi yaxınlığında yerləşən, Şirvan hakimlərinin sonuncu iqamətgahı, əfsanəvi Buğurd qalasına çatırıq. Əlverişli strateji mövqedə tikilmiş qalada mükəmməl su-kanalizasiya sistemi, relyefə uyğun çoxsaylı yaşayış binaları, inzibati binalar, saraylar, məscidlər, su anbarları, hamamlar mövcud olub. İkiqat qala divarlarının arası ilə mühafizəçilərin sərbəst gəzməsi üçün pillələr salınıb. Divarlarının üzəri gümbəzvari formada hörülüb ki, bu da vaxtında düşmənə mühafizəçilərin hərəkətini izləməyə imkan verməyib.

Tarixlə təbiətin əsarətində: Dövlətçiliyimizin təməllərindən biri təhlükədədir - FOTO

Qalanın yaxınlığlında  yaşayan Şamaxı sakini Təmimi Nuruyev Sputnik Azərbaycan-a deyir ki, 12 hektar ərazisi olan Buğurd qalası 3 hissədən ibarətdir. Qalanın içərisində şahın sarayı olan yer iki tərəfdən hasarlanıb. Hündür qayanın sağ və sol tərəflərındə qalanın həm uçub-dağılmış, həm də salamat qalmış izləri var. 

“Buğurd qalası istər yerləşdiyi mövqeyinə, istərsə də istehkamlarının quruluşuna görə Azərbaycanda olan başqa orta əsr qalaları, o cümlədən əsrlər boyu onunla sıx əlaqədə olmuş Gülüstan qalasından fərqlənir. Belə ki, orta əsr qalaları adətən bir dağ və ya təpənin üzərində tikilibsə, Buğurd qalasının istehkamları bir-birinə bitişik olan, bəzən təbii aşırımlar vasitəsi ilə birləşən dağ silsiləsinin zirvəsindədir. Bu silsilə cənubdan başlayaraq şimala doğru getdikcə yüksəlir və əlçatmaz olur”, - T.Nuruyev qeyd edir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji ekspedisiyasının rəisi Akif Quliyevin szölərinə görə, Buğurd qalası Azərbaycan dövlətçilik tarixində önəmli  yeri olan Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından biridir. Gülüstan qalası kimi, Buğurd qalası da uzun illər Şirvanşahların sığındığı bir məkan olub. Ancaq Gülüstan qalasından fərqli olaraq Buğurd qalası təkcə qala deyil, həm də şəhərdir. Qalanın geniş küçələri, infrastrukturu, su anbarları, evləri ondan xəbər verir ki, burada təxminən 30 minə yaxın əhali yaşayıb:

“Qalanın ön istehkamı həmin silsilənin qərb döşü və şərq tərəfdən dağın zirvəsi istiqamətində təqribən düzbucaq formada geniş sahəni əhatə edir. Bu əzəmətli divarın eni təqribən 5 metrdir. Onun bir çox hissələrini hazırda müşahidə etmək mümkün olsa da, bəzi yerlərdə divarın yalnız izləri qalıb”.

Dörd bir tərəfi dağlarla əhatə olunan qalanın əsas tikinti materialı qaya və çay daşları, eləcə də ağ daşlardan ibarət olub. Təəssüfl ki, qalanın böyük bir hissəsi artıq yararsız hala düşüb. Gələcəkdə bu ərazidə qalanın bərpa işləri görülərsə, tariximizə,eyni zamanda turizmin inkişafına böyük töhfə verə bilər.

Tarixlə təbiətin əsarətində: Dövlətçiliyimizin təməllərindən biri təhlükədədir - FOTO

"Meşə zolağı Şahdağ milli parkının ərazisində yerləşən Buğurd qalası bu gün irigövdəli ağacların təsirindən dağılır və mən belə fikirləşirəm ki, bu dağıntının qarşısını almaq lazmdır. Hər iki nazirlik - həm  Mədəniyyət, həm də Ekologiya Nazirliyi arasında nəsə bir razılığa gəlmək lazımdır. Bir lahiyə hazırlanmalıdır ki, bunun qarşısı alınsın və belə fikirləşirəm ki, dövlətçiliyimizin əsası qoyulan bu ərazidə arxeoloji tədqiqat işləri ilə bərabər, konservasiya-bərpa işləri də aparılmalıdır. Sonra gec ola bilər. Çünki bu gün bu işlər aparılmasa, yavaş-yavaş günümüzə qədər gəlib çatan bu abidələr məhv olacaq", - AMEA əməkdaşı bildirir.

Qeyd edək ki, Buğurd qalasından şərqdə, sıldırım qayalıqlarda Qız qalası və ya Gürcü qalası adlanan qala da mövcuddur. Qalanın tikilmə tarixi ilə bağlı dəqiq məlumatlar olmasa da gələcəkdə aparılacaq arxeoloji tədqiqatlar bu məsələyə aydınlıq gətirəcək. Ümid edək ki, tez bir zamanda məhv olmaq təhlükəsi ilə üz-üzə olan qalanın bərpası sahəsində işlərə start veriləcək.

Eləcə də oxuyun: