BAKI, 6 iyun — Sputnik. Qaxda bu gün səhər saatlarından başlayan yağış günorta daha da güclənib və leysana keçib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, küləklə müşayiət olunan güclü leysan xeyli fəsad törədib.
Rayon ərazisində bir neçə irigövdəli ağac aşıb. Yevlax – Gürcüstan sərhədi avtomobil yolunun Qaxın Tanqıt kəndindən keçən ərazisində də irigövdəli ağac aşıb və bir neçə ağacın budaqları qırılaraq yola tökülüb.
Bu səbəbdən də yolda avtomobillərin hərəkətində çətinlik yaranıb. Ağaclar kəsilərək yoldan kənarlaşdırıldıqdan sonra avtomobillərin normal hərəkəti bərpa olunub.
Rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində də fasilələr yaranıb. Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş aparır.
Eləcə də oxuyun:
Həftənin ilk iş gününün havası
Azərbaycanda turistlərin sevimli məkanı uçmaq təhlükəsi ilə üzləşib - FOTO