CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Benzin şoku, Azərbaycanın gözəl yolları və büdcə qanunu: həftənin iqtisadi yekunu

Benzinin qiymətinin bahalaşması, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 17-ci iclasında verilən qərarlar, 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi - Sputnik Azərbaycan ötən həftənin ən mühüm iqtisadi hadisələrindən bəhs edir.
Sputnik

BAKI, 6 iyun — Sputnik. Bu həftə Azərbaycanda baş verən iqtisadi hadisələr içərisində Aİ-95 və Aİ-98 markalı avtomobil benzinin bahalaşması gündəmdə olub.

Benzinin qiyməti qalxıb

Ölkəyə idxal olunan Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata qalxıb.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, ölkə daxilində bu benzin növlərinin qiymətinin artımı birbaşa olaraq dünya bazarında neftin və neft məhsullarının bahalaşması ilə əlaqədardır:

"Hər iki benzin növü ölkəyə idxal olunur. Bu benzin növləri ölkə daxilində istehsal olunmur və idxal olunduğuna görə həmin benzin növlərinin qiyməti də idxal edilən ölkələrin, yəni beynəlxalq bazarda olan qiymətlərdən asılıdır. Beləliklə, dünyada neftin və neft məhsullarının qiyməti artdıqca, bu benzin növlərinin də Azərbaycanda qiyməti artır, azaldıqca azalır".

"Gələcəkdə Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya nəticəsində 2022-ci ildən sonra zavodda Aİ-95 benzinin də istehsalı mümkün ola bilər. Belə olduğu halda, biz bu benzinin idxalından asılılığımızı azalda bilərik və yaxud ümumiyyətlə aradan qaldıra bilərik. Yəni özümüz ölkə daxili istehsal edəcəyik və qiymət də artıq xarici amillərdən asılı olmayacaq. Belə olduğu halda, dövlət öz siyasətinə uyğun olaraq onları tənzimləyə biləcək", - deyə İ.Əhmədov qeyd edib.

Azərbaycanda yanacağın qiymətinə sonuncu dəfə bu ilin yanvarında dəyişiklik edilib. Yanvarın 4-də Tarif (qiymət) Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 17-ci iclası

Bu həftənin ən yaddaqalan hadisələrindən biri OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 17-ci iclası olub. İclasda iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən iclasda Azərbaycan da "Əməkdaşlıq Bəyannaməsi" iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 mln. barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.

Qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycanın hasilatın azaldılması barədə öhdəliyi iyulda gündəlik 98 min barel olaraq qalacaq. Bu isə o deməkdir ki, xam neft hasilatı 10 min barel artırılacaq. Beləliklə, iyul ayında ölkədə xam neft hasilatı gündəlik 620 min barel həcmində saxlanılacaq.

"Azərbaycanın 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi qəbul edilib

Bu həftə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ikinci oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini parlamentə təqdim edən komitə sədri Tahir Mirkişili bildirib ki, müharibə xərcləri, şəhid ailələrinə, əsgər və zabitlərə qayğının artırılması, sosial dəstək proqramlarının icrası, səhiyyə sisteminin gücləndirilməsi, işğaldan azad edilən ərazilərin bərpası, pandemiyadan əziyyət çəkən sahibkarların dəstəklənməsi 2020-ci il dövlət büdcəsinin icrası qarşısında dayanan mühüm hədəflərdən olub.

Komitə sədri nəzərə çatdırıb ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat proqnoza qarşı 24 milyard 681,7 milyon manat, yəni proqnozla müqayisədə 2,3 faiz çox icra olunub. Dövlət büdcəsinin xərcləri isə 27 milyard 492,2 milyon manat proqnoza qarşı 26 milyard 416,3 milyon manat icra edilib ki, bu da proqnozla müqayisədə 3,9 faiz az deməkdir. O bildirib ki, dövlət büdcəsində yaranan kəsir proqnoza nisbətdə 2 dəfə az olub. Ötən il xarici və daxili dövlət borclanmaları üzrə icra vəziyyəti müəyyənləşdirilmiş limiti keçməyib.

"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu-2021

İyunun 2-si, çərşənbə günü Sankt-Peterburqda XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu öz fəaliyyətinə başlayıb. Tədbirdə Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İyunun 2-dən 6-na kimi davam edəcək forumda iştirakçılar dünya və Rusiya iqtisadiyyatının aktual problemləri, sosial və texnoloji inkişaf məsələlərini müzakirə ediblər. Forumun gündəliyində xarici ticarət əlaqələri, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlıq, Avrasiya İqtisadi Birliyində elektron ticarət, dəyişmiş qlobal mühitdə BRICS iqtisadi tərəfdaşlıq məsələləri də yer alır.

"Azərbaycanda yollar möhtəşəm səviyyədədir"

Azərbaycan tərəfi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin ərsəyə gəlməsi üçün çox iş görüb.

Bu barədə Rusiya Baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Aleksey Overçuk Sankt-Peterburq İqtisadiyyat Forumu çərçivəsində keçirilən “Postcovıd dövründə Avrasiya regional əməkdaşlığı” adlı paneldə aparılan müzakirə zamanı deyib. 

"Azərbaycan daxilində yollar, dəmir yolları möhtəşəm səviyyədədir. Bir sözlə, nəqliyyat yollarını Azərbaycan inkişaf etdirib. Bunu Azərbaycanda olan hər kəs bilir. Təkcə dəmir və avtomobil yolları deyil, Azərbaycan Xəzər dənizində olan limanını da inkişaf etdirib. Bütün bunlar “Şimal-Cənub” dəhlizinin tərkib hissəsidir”, - deyə Rusiya Baş nazirinin müavini vurğulayıb.

Şahin Mustafayev isə öz növbəsində qeyd edib ki, koronavirus pandemiyasına rəğmən, Azərbaycan bölgənin əsas nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində Rusiya ilə uğurlu əməkdaşlıq edir.

"Biz "Şimal-Cənub" dəhlizinin təşviqi üçün Rusiya və İranla uğurla əməkdaşlıq edirik. Deməliyəm ki, son ildə yaranan vəziyyətə rəğmən, ölkələrimiz ərazisindən keçən tranzit daşımalarını bir gün də olsun dayandırmamışıq. İrandan Azərbaycan ərazisi ilə Rusiyaya və əksinə yüklər göndərilib, üstəlik, ötən kovidli ildə ondan öncəki illə müqayisədə tranzit daşımalarının həcmi 19% artıb", - Mustafayev deyib.

Nazir müavini Azərbaycanın tikdiyi dəmiryolu sayəsində Rusiyanı Aralıq dənizinə qovuşduran, bir sıra ölkələrlə birləşdirən "Şimal-Qərb" dəhlizinin də vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Rusiya və İranla iqtisadi əməkdaşlığın inkişafı planlarına yeni beynəlxalq energetik dəhlizin tikilməsi də daxildir.

Soydaşımızın rəhbərlik etdiyi əcnəbi şirkəti "Dostluq" yatağının işlənməsinə qatılacaq

Rusiyanın "Lukoyl" şirkəti Azərbaycan və Türkmənistanın birgə yatağı olan "Dostluq" yatağının işlənməsində iştirak edəcək. Bu barədə Türkmənistanın "TurkmenPortal" nəşri məlumat yayıb.

Nəşr yazır ki, müvafiq razılaşma Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovun görüşü zamanı əldə olunub.

"Biz "Lukoyl"un "Dostluq" yatağının işlənməsində iştirak etmək niyyətini alqışlayırıq və bu layihənin işlənməsi üçün konkret investisiya layihələrini nəzərdən keçirməyə hazırıq", - deyə Berdiməhəmmədov bildirib.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi məqsədilə həmin yatağın coğrafi koordinatlarını müəyyən edəcək.

Yeni həftəyə baxış

Gələn həftə Milli Məclisin növbədənkənar sessiyasında ilk plenar iclası keçiriləcək.

İclasda "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq, bir sıra qanunlarda dəyişikliklərə baxılacaq.

Gələn həftə Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində ölkəmizin kənd təsərrüfatı məhsullarının ixrac potensialı, imkanları ilə bağlı tədbir təşkil ediləcək. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Eləcə də oxuyun:

  • Professor: “Neft qiymətlərinin bir qədər də artımı üçün potensial var”

  • "Bu il qlobal ÜDM-də qeyri-adi dərəcədə artım gözlənilir" - Rusiya prezidenti

  • Azərbaycanda taxtanın qiymətləri qalxdı: Rusiya ilə bağlı səbəb var

  • "Samur" postunda 1500-dən çox yük maşını Rusiyaya keçmək üçün gözləyir