İQTİSADİYYAT

Neft bazarında nə baş verir və qiymət artımı harayadək davam edəcək?

İqtisadçılar neftin qiymətinin bahalaşmasını şərh ediblər. "Hazırda dünyada karantin tədbirləri yumşaldılır. Eyni zamanda yay mövsümündə avtomobil yanacağına tələbatın artımı gözlənilir".
Sputnik

BAKI, 2 iyun — Sputnik. Son günlər dünyada neftin qiyməti bahalaşmaqda davam edir. Hazırda "Brent" markalı neftin qiyməti 71 dollara yaxındır. Azərbaycan nefti isə 70 dollardan baha satılır. "Azeri Light" nefti sonuncu dəfə ötən il yanvarın 8-də 70 dollardan baha satılmışdı. İyunun 1-də OPEC+ ölkələrinin nazirlərinin 17-ci iclasında iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib.

Bəs, maraqlıdır neft qiymətlərinin bahalaşması davam edəcəkmi? OPEC-in addımları öz bəhrəsini verirmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, qiymət artımının bir neçə səbəbi var: "OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 17-ci iclasında iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Yəni daha çox hasilatın artırılması gözləntiləri bazarda var idi, amma bu gözlənti özünü doğrultmadı. Əvvəlki təsdiq edilmiş qrafik ilə hasilatın artırılması həyata keçiriləcək. Bazarda formalaşmış gözləntinin əksinə qərarın verilməsi neft qiymətlərinə müsbət təsir göstərdi və bahalaşmanın şahidi olduq. Amma davamlı şəkildə qiymət artımının olması üçün başqa amillər də olmalıdır. Hazırda dünyada karantin tədbirləri yumşaldılır. Eyni zamanda yay mövsümündə avtomobil yanacağına tələbatın artımı gözlənilir. Bu da qiymətə müsbət təsir edən amilə çevrilib".

"Burada digər amillər də var. Məsələn, bu yaxınlarda ABŞ-İran arasında danışıqlar intensivləşib. İran tərəfindən açıqlama verildi ki, əgər sanksiyalar ləğv edilsə, qısa zamanda neft hasilatının 2-3 dəfə artırılması mümkündür. Bu anlaşma baş tutsa, o zaman neft qiymətlərində sabitlik yenidən yarana bilər. Yəni İranın böyük həcmdə bazara çıxması qiymətlərdə sabitliyin yaranmasına səbəb ola bilər. Bu zaman neftin 60-70 dollar arasında olması mümkündür"-deyə ekspert qeyd edib.

O bildirib ki, hazırda neftin ucuzlaşma gözləntisi yoxdur: "OPEC-in toplantısında hasilatın daha sürətlə artırılmasının vacibliyi dilə gətirilib. Ona görə də ola bilər indi qiymət 70 dollar civarında sabitləşsin, amma bir neçə aydan sonra yenidən qiymətlərin 60-70 dollar arasında olmasının şahidi ola bilərik. Qiymətin 50 dollardan aşağı düşməsi indiki halda mümkünsüz görünür. Əgər pandemiyaya görə yenidən dünyada sərt qapanmalar olsa, o zaman qiymət 50 dollar civarına düşə bilər. Amma görünən odur ki, dünya ölkələri pandemiyadan yavaş-yavaş çıxmağa çalışırlar. Uzun perspektivdə neft bolluğu yenidən yarana bilər".

"Neft qiymətlərinin artması Dövlət Neft Fonduna daxilolmaların sürətlənməsinə və və artmasına səbəb olur. Nəticədə bu, ölkənin makroiqtisadi sabitliyinə müsbət təsir edir, yəni valyuta ehtiyatları artır və makroiqtisadi göstəricilərdə müsbət dinamika müşahidə olunur"-deyə o əlavə edib.

Millət vəkili Vüqar Bayramov da bildirib ki, OPEC+ ölkələrinin hasilatı gözlənildiyindən daha az artırması və qlobal tələbatın çoxalması neftin qiymətini yüksəldib: "Qlobal vaksinasiya genişlənəcəyi halda, neftə tələbatın daha da artacağı gözlənilir. Neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq. Ölkəmizin ümumi ixracının 85 faizinin enerji məhsullarının təşkil etdiyini nəzərə aldıqda neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir. Enerji ixracımızdan daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da təqdirə layiqdir".

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, OPEC+ ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən 17-ci iclasında iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Toplantıda Azərbaycan da "Əməkdaşlıq Bəyannaməsi" iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 milyon barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.

Qəbul edilmiş "Əməkdaşlıq Bəyannaməsi" çərçivəsində Azərbaycanın hasilatın azaldılması barədə öhdəliyi iyulda gündəlik 98 min barel olaraq qalacaq. Bu isə o deməkdir ki, xam neft hasilatı 10 min barel artırılacaq. Beləliklə, iyul ayında ölkədə xam neft hasilatı gündəlik 620 min barel həcmində saxlanılacaq.

Qeyd edək ki, OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin nazirlərinin 18-ci toplantısı videokonfrans formatında iyulun 1-də keçiriləcək.

Həmçinin oxuyun:

Neft qiymətlərinin artımına hansı amillər təsir edir? – ekspert açıqlayır

Neft bahalaşmağa davam edir