CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kimlərin MEDİA yardımlarına haqqı çatır?

MEDİA-nın yardım üçün ayırdığı məbləğ yeni media layihələrinin dəstəklənməsinə yönəldilsə, yaxşı olar
Sputnik

BAKI, 1 iyun — Sputnik, Elvin Səlimov. Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi elan edib. Müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər. Agentliyin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib ki, müsabiqənin əsas məqsədi media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsidir.

Ölkəmizdə çoxlu sayda informasiya saytı fəaliyyət göstərir. Bəs bu saytlar arasında ədalətli seçimin edilməsi üçün hansı parametrlər əsas götürülməlidir? Media strukturlarına ediləcək bu yardımlar nə üçün vacibdir?

Sputnik Azərbaycan müsabiqə ilə bağlı təcrübəli media nümayəndələrinin fikirlərini öyrənib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, seçim etməkdə agentliyin işi çətin olacaq. Onun fikrincə, hər kəs iddiaçı kimi çıxış edəcək və daha layiq olduğunu düşünəcək: “Düzdür, müsabiqənin şərtlərində kriteriyalar göstərilib, ancaq onun ümumi vəziyyəti asanlaşdıracağını deyə bilmərik. Azərbaycanda bu cür müsabiqələr keçiriləndə mütləq kimlərsə narazı qalır. Bu gün bu sferada narazı qalmağı vərdişə çevirmiş adamlar həqiqətən çoxdur. O baxımdan düşünürəm ki, agentliyin bu seçimi də narazılar ordusunun yaranmasına səbəb olacaq. Mənim fikrimcə, MEDİA agentliyi populyarlığına, ziyarətçi sayına, saytın əhatəliliyinə diqqət yetirərək qurumlar arasından seçim etməlidir. Onda bəlli olacaq ki, iddialı iddiasında nə qədər haqlıdır”.

Azpost.info internet qəzetinin baş redaktoru Xaqani Səfəroğlu bildirib ki, MEDİA Agentliyinin dəstəyi maliyyə çətinliyi üzündən peşəkar informasiya xidməti göstərməkdə müəyyən çətinlikləri olan onlayn saytlara kömək edəcək: “Bu yardım sayta jurnalistlərin cəlb edilməsinə, qonorarla əməkdaşlığa, texniki imkanların genişləndirilməsinə fayda verə bilər. Ölkədə internet medianın 15 ildən çox tarixi var. Bu illər ərzində kifayət qədər oxucusu, reklam bazası olan saytlar formalaşıb. Fikrimcə, MEDİA-nın yardım üçün ayırdığı məbləğ yeni media layihələrinin dəstəklənməsinə yönəldilsə, yaxşı olar. Son illərdə böyük informasiya resurslarına və əhəmiyyətli reklam payına malik populyar saytlarla yanaşı, media bazarında rəqabətə girməyə can atan, oxucu sayını artıran, ictimai rəydə yer alan xəbər saytları da formalaşıb. Belə xəbər resurslarına maliyyə dəstəyi onların daha peşəkar çalışmasına imkan verəcək və bu saytları MEDİA-nın da tələb etdiyi korporativ maraqlardan uzaq saxlayacaq”, - deyə o bildirib. 

Baş redaktorun fikrincə, bu gün məhdud imkanları, işçiləri olan bir internet qəzet sabah oxucu etimadını qazanan böyük informasiya platformasına çevrilə bilər: “Dövlət dəstəyi bu sırada müəyyən iqtisadi dəstək deməkdir. MEDİA-nın bu dəstəyi ölkədə peşəkar, onlayn KİV-lərin mövcud olduğu biznes mühitinin inkişafına kömək edəcək. Sayt rəhbərlərinin KİV-də stajı, peşəkarlığı və imzası da bu şərtlərdən biri olmalıdır. Bu gün istənilən şəxs veb səhifə açıb jurnalistika ilə məşğul olduğunu iddia edə bilər. Amma məncə, dövlət dəstəyindən söz gedirsə, peşəkar şəxslərə üstünlük verilməsi doğru olardı. Maliyyə yardımı ilə yanaşı, reklam bazarı formalaşmalıdır. Bu onlayn media platformasının inkişafı üçün mühüm məsələdir. Yəqin ki, bu istiqamətdə də yeniliklər olacaq”.

Həmçinin oxuyun:

MEDİA onlayn və çap mediasına dəstək layihəsi elan edib