YAZARLAR

Cəsarət, yoxsa ədalət: Növbəni necə pozmalı?

Növbə gözləməyə hövsələsi çatmayan cəsur insanlar həyatın bütün sahələrində bu cür fərqlənməyi, yaramazcasına mənfi nümunə olmağı bacarırlar.
Sputnik

Marketlərdə, avtobus dayanacaqlarında, tıxacda, xəstəxanalarda, bankomatlarda, dövlət idarələrində və bu qəbildən olan müxtəlif yerlərdə insanların sıraya məhəl qoymadan bir-birlərini itələyərək, növbəni pozaraq irəli keçməyə çalışdığını görəndə ürəyim dağa dönür. Hələ insanların nəzakətsizcəsinə bir-birini itələməsi, ayağını tapdalaması, kürəyinə dırmaşması çox həyəcanlıdır. Hər dəfə növbə gözləməli olanda bir kənara çəkilib, bu mənzərədən zövq almağa çalışıram. Deyirəm, allah eləməsin, birdən bu ölkədən getməli olaram, qürbət yolu görünər və sonra bu gözəl mənzərələr üçün darıxa bilərəm.

***

Xalqımızın növbəni pozmaqda həmrəylik göstərməsi, növbəni pozmaq üçün bir-biriylə yarışması çox təqdirəşayandır. Nə yaxşı ki, bu möhtəşəmliyi müxtəlif sahələrdə tətbiq olunan onlayn növbə sistemi də poza bilmir. Xalqımız internetdən növbə götürməyə pandemiyaya, virusa, vaksinə inanmadığı kimi inanmır. Oğlanlar var, onlayn növbə götürmək əvəzinə, camaatı itələyə-itələyə qabağa soxulmağı ciddi qəhrəmanlıq hesab edir. Gözümlə görmüşəm ki, növbəni yara-yara irəli soxulub, növbəsiz işini həll edən adam qalib ədasıyla camaatı süzüb, arın-arxayın çıxıb gedib başqa yerdə növbə pozmağa. Yəni bizdə “növbə mədəniyyətsizliyi” əbədidir, dönməzdir. “Oğlanlar var” dedim, əfv ola! Bunu da seksizm kimi anlayıb növbədənkənar üstümə hücuma keçə bilərlər. Etiraf edim ki, bizə növbə gözləməyənlərin cinsiyyət fərqi yoxdur. Oğlanlı-qızlı, kişili-qadınlı necə lazımdır növbəni yarmağı bacaran xüsusi qabiliyyətli insanlarımız var. Bu gün dünyada tanınmağımızda bu gözəl və cəsur insanların böyük xidməti danılmazdır.

***

Növbəni pozmaq cəsarətdir. Bəli, səhv oxumadınız. İzdihamın içərisinə dalıb irəliyə doğru irəliləmək, sırada növbə gözləyən insanlara əhəmiyyət vermədən həyasızcasına irəli soxulub yeddi arxa dönəninə söydürmək böyük cəsarət tələb edir. Sinəsinə döyən Avropa ölkəsində özünə güvənən avropalı bunu bacarmaz, cəsarət etməz. Ancaq mənim növbədənkənar qəhrəman xalqımın cəsur övladları bunu bacarır. Növbə gözləməyə hövsələsi çatmayan cəsur insanlar həyatın bütün sahələrində bu cür fərqlənməyi, yaramazcasına mənfi nümunə olmağı bacarırlar. Belə insanlar üçün mədəni cəmiyyətlər cansıxıcı və darıxdırıcıdır. Necə yəni, sırada dayanıb növbə gözlə? Gücün var, həyasızlığın var, abırdan da məhrumsan? Belə olan halda əgər növbə gözləyirsənsə, deməli, sən əfəl adamsan! Bacarırsansa, yar, əz, dağıt, parçala, keç! Atillanın, Babəkin, Xətainin övladları əfəl ola bilməz! Nizamilər, Nəsimilər, Füzulilər yetirən bir xalq mağmın olmamalıdır.

***

60 yaşlarında xanım-xatın qadın görmüşəm ki, basabas, növbə olmadığı üçün növbə götürüb, ancaq işini həll etməyib, dayanıb camaatın yığışmağını, izdiham yaranmağını gözləyib. Sonra da nümayişkəranə şəkildə, Janna D`Ark ədasıyla irəliləyib növbədə dayanan birinci adamın paltarından tutub, şorbadan milçək çıxaransayağı çəkib kənara, sinəsini irəli verib yerini tutub. Adrenalin yaşamaq üçün bundan həyəcanlı nə etmək olar?

***

Bizim növbələrdə ən çox xoşuma gələn, insanların sıra ilə yox, topa ilə dayanmasıdır. İnanın ki, heç allahın özü də bu “topa”nın içində kimin birinci olduğunu yadında saxlaya bilməz. Topa şəkilli, xaotik növbələrə Afrika ölkələrində də rast gəlindiyini iddia edirlər. Hələ ki bu fakt şəxsən mənim üçün öz təsdiqini tapmayıb və xalqımın liderliyinə inanıram. Pandemiyadan öncə ölkəmizə axın edən ərəb turistlər bu münəvvər işdə bizimlə yarışmağa çalışsa da, üstünlük hələ ki bizdədir. İnsafən, ərəblər müəyyən qüsurlu davranışları ilə bizə meydan oxusalar da, məhz növbə mədəniyyətsizliyində şəksiz lider özümüzük.

***

Ən nümunəvi, ən unudulmaz növbə pozuntuları xəstəxanalarda vaqe olur. Qəfil görürsən ki, irihəcmli əndamını yırğalaya-yırğalaya bir tibb bacısı növbəsi çatanlara məhəl qoymadan öz adamını, tanışını içəri, həkimin qəbuluna dürtür. Hələ vaksinasiya prosesində bu elə gözəl, elə xoş görünür ki! Növbəsi pozulanlar da guya alışmadıqları haqsızlıqla üzləşdikləri üçün mübahisə etməyə, içəri keçənlərə görə narazılıq etməyə başlayırlar. Bu çaxnaşmadan istifadə edən zirək vətən övladlarından biri həkimin yanına soxulur və qalib ədasıyla işini həll edir. Sonra mütləq konflikt yaranır, söz-söhbət olur ki, bu da növbə mədəniyyətsizliyinin duzu, istiotu, bibəridir. Müşahidə etmişəm ki, növbənin gözlənildiyi yerlərdə heç vaxt narazılıq olmur, insanlar sakitcə problemini həll edir. Belə yerdə adamın ürəyi sıxılır. Söz-söhbət olmayan yerdə hərəkətsizlik, ətalət var. Bu da heç xoş deyil. Dünya hərəkətdədirsə, biz də sükutu pozmaqda gecikməməliyik.

***

Xülaseyi-kəlam, ulularımız deyir, növbə mədəniyyətdir, ədalətdir. Açığı, mən heç bir növbədə ədalət görmədiyim üçün işin mədəniyyət tərəfinə daha çox ümid bəsləyirəm. Bir gün səliqəli, intizamlı, mədəni və ədalətli bir növbə görsəm, bəlkə də həyəcandan ürəyim dayana bilər. Ümid edirəm ki, cəsur həmvətənlərim bundan sonra yüz il də məni xəyal qırıqlığına uğratmaz.

P.S. Bu yazının növbədənkənar çap olunması üçün əlimdən gələni etdiyimi düşünün. Ya da düşünməyin, mən belə şeyləri əsla bacarmıram, bacarmaram.