CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Kimlərin sığorta edilmədiyi bilinəcək"

Bütün işçilərin iş yerlərində bədbəxt hadisələrə görə sığortanlanmasını istəyiriksə, ilk öncə əmək bazarı leqallaşmalıdır.
Sputnik

BAKI, 31 may — Sputnik, Xalid Məmmədov. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qanunvericiliyə müvafiq olaraq bütün işçilərin işəgötürənlər tərəfindən iş yerlərində bədbəxt hadisələrə görə sığortanlanmalı olduğunu söyləyib. Nazir bildirib ki, bu bazarı analiz etdikdə çox qəribə bir mənzərə ilə rastlaşılır: "2019-cu ildə əməkhaqqı fondunun təqribən 11 milyard manat olmağına baxmayaraq, sığorta haqqı olaraq cəmi 35 milyon manat vəsait toplanıb. Bu isə o deməkdir ki, əməkhaqqı fondunun orta hesabla 1 faizi bu istiqamətə yönəlib. Başqa sözlə, əmək bazarında çalışanların yalnız üçdə biri sığortalanıb. Son ildə bu istiqamətdə artım 30%-in üzərindədir. Yaxın 1-2 ildə əməkhaqqı fondunun 80%-nə kimi bu rəqəmi artıracağıq. Əmək müqaviləsi ilə işləyənlərin əksəriyyətinin bədbəxt hadisələrdən icbari sığortası təmin olunacaq".

Məsələ ilə bağlı sığorta üzrə ekspert Əli BayramovSputnik Azərbaycan-a deyib ki, ölkədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta uzun müddətdir var: "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun qüvvədədir, amma onun icrası zəifdir. İş vaxtı işçinin başına bədbəxt hadisə gələrsə, ona sığorta ödənişi edilir. Sığorta haqqı peşəyə uyğun hesablanır, yəni daha riskli peşə sahibi daha çox sığorta haqqı ödəyir. Daha az riskli peşə sahibi isə daha az sığorta haqqı ödəyir".

"Burada eyni zamanda işçilərin maarifləndirilməsi həyata keçirilməli, vətəndaş öz hüquqlarını bilməlidir. Vətəndaş əmək müqaviləsi ilə işləyirsə, mütləq sığorta olunmalıdır. İl ərzində görün nə qədər vətəndaş iş yerində xəsarət alır. Əgər vətəndaş iş yerində ölürsə, sığorta ödənişini onun hüquqi vərəsəsi alır. Bədbəxt hadisə baş verən zaman həyat sığorta şirkətlərinə müraciət etmək olar. Eyni zamanda İcbari Sığorta Bürosu var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət etmək mümkündür", - deyə ekspert bildirib.

O qeyd edib ki, artıq bu istiqamətdə fiziki yoxlamalara ehtiyac yoxdur: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün işçilər haqqında məlumatı elektron olaraq görür. Sadəcə sığorta bazarından əldə olunan məlumatla nazirlikdə olan məlumatı üzləşdirmək lazımdır və nəticədə sistemdə hamısı görünəcək. Yəni, kimlərin sığorta edilmədiyi bilinəcək. Əgər sığorta haqqı ödənilmirsə, sığorta şəhadətnaməsi əldə edilməyibsə, bunun cəzası olmalıdır. Müvafiq elektron inteqrasiyanı həyata keçirməklə bu boşluğu aradan qaldıra bilərlər".

İqtisadçı Rəşad Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, bütün işçilərin iş yerlərində bədbəxt hadisələrə görə sığortanlanmasını istəyiriksə, ilk öncə əmək bazarı leqallaşmalıdır:

"Əgər əmək bazarı leqal deyilsə, heç bir sığortadan söhbət gedə bilməz. Çünki müvafiq prosedurların arxasında məhz əmək və mülki müqavilənin bağlanması dayanır. Bir sıra sektorlarda, xüsusilə də tikinti və kənd təsərrüfatı sektorunda ciddi qeyri-leqal fəaliyyətlər var. Bu sığorta növünü inkişaf etdirmək istəyiriksə, əmək bazarının leqallaşmasının yolları tapılmalıdır".

Qeyd edək ki, nazir S.Babayev onu da bildirib ki, İcbari Sığorta Bürosunun bədbəxt hadisələrdən icbari sığorta üzrə elektron informasiya sistemi ilə nazirliyin "Əmək müqaviləsi bildirişləri" altsistemi arasında inteqrasiya təmin edilib. Bu sığorta növünə elektron sistem üzərindən nəzarət gücləndirilib. S.Babayev diqqətə çatdırıb ki, özəl sektor üzrə 2021-ci ilin 1 yanvar tarixinə əmək müqavilələrinin sayında 2020-ci ilin əvvəli ilə müqayisədə 24% və ya 154 min artım müşahidə edilib.

Xatırladaq ki, icbari sığorta müqaviləsi müddətsiz bağlanılır. Sığorta tarifləri hər təqvim ili üçün müəyyən olunur. Sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilir. Aylıq, birdəfəlik və əlavə sığorta ödənişləri mövcuddur.

Həmçinin oxuyun:

Bakıda növbəti iş qəzası: Fəhlə elektrik dəzgahına düşüb

Azərbaycanda sosial sığorta şəhadətnaməsi ləğv edildi

Bakıda bədbəxt hadisə: kran kişinin həyatına son qoydu