BAKI, 28 may — Sputnik, Danara Kurmanova, Nikita Çikunov. Miqrantlar üçün "koronavirus amnistiyasının" vaxtı artıq bitmək üzrədir. Rusiya hökuməti xatırladır: Rusiya federasiyası ərazisində qeyri-qanuni yaşayan MDB ölkələri vətəndaşları pandemiya ilə bağlı olaraq ölkədən çıxarılmaya qoyulmuş moratorium çərçivəsində iyunun 15-nə qədər burada olmalarını qanuniləşdirməlidirlər. Əks halda, onlar deportasiya olunacaqlar.
Sputnik-in müxbirləri qanunsuz miqrantların hüquq-mühafizə orqanlarına nə dərəcədə fəal müraciət etmələrini və sənədləri təqdim edərkən hansı çətinliklərlə qarşılaşdıqlarını araşdırıblar.
Heç kim qanunu pozmaq istəmir
Daxili İşlər Nazirliyinin (DİN) məlumatlarına görə, əgər pandemiyadan əvvəl Rusiyada 11 milyon miqrant var idisə, 2020-ci ilin sonuna qədər onların sayı 6 milyon nəfərə düşüb. Lakin heç də hamının ölkədə müvəqqəti yaşamaq üçün icazəsi və bunu təsdiq edən sənədi olmayıb. DİN-in statistik məlumatlarına görə, əmək fəaliyyəti üçün patenti (Rusiya ərazisinə daxil olmaq üçün viza tələb olunmayan şəxslər üçün sənəd) 1,3 milyon əcnəbi əldə edib. 85 min nəfər isə iş icazəsi alıb (Rusiyanın viza rejimi qüvvədə olan ölkələrin vətəndaşları üçün). Daha 508 min miqrant isə Avrasiya İqtisadi Əməkdaşlıq (AİƏ) təşkilatına üzv olan ölkələrin vətəndaşları olub ki, onlar da Rusiyada bu səbəbdən əmək və ya mülki-hüquqi müqavilələr əsasında olublar.
Yerdə qalan 4 milyon nəfərdən çox insan isə DİN-də qeydiyyatda deyil. Lakin onların da heç də hamısı qanunsuz miqrant deyil – statistik məlumatların toplanması zamanı yaşamaq icazəsini və hər hansı digər sənədləri rəsmiləşdirməklə məşğul olduqları üçün onlar hesabata daxil edilməyib. Buna baxmayaraq, qanunsuz miqrantların sayı yenə də kifayət qədər böyükdür. Məsələn, cari ilin aprel ayının məlumatlarına görə, təqribən 200 min Özbəkistan vətəndaşı Rusiyada qanunsuz olaraq yaşayıb.
Rusiyanın miqrasiya qurumları və Beynəlxalq Miqrasiya Xidməti (BMX) iyunun 15-nə qədər rəqəmlərin minimuma enəcəyinə ümid edir. BMX-nin Moskva bürosunun direktoru Abdusattor Esoyev hesab edir ki, Rusiya prezidentinin əcnəbilərin ölkədə yaşaması şərtləri və qaydalarına dair moratoriumun tətbiqi barədə fərmanı bir çox miqrantları vəziyyətdən çıxarıb.
"Bu fərman olmasaydı, insanlar qeyri-leqal vəziyyətə düşəcəkdilər. Heç kim qanunu pozmaq istəmir. İnsanları qeyri-leqal miqrant olmağa vadar edən şəraitdir", - deyə o mayın 26-da "Rossiya Seqodnya" beynəlxalq multimedia mətbuat mərkəzində keçirilən "Rusiya və müasir dövrün miqrasiya çağırışları" adlı konfransda bildirib.
Tərcümə çətinlikləri
Rusiya DİN Miqrasiya Baş İdarəsinin rəis müavini Dmitri Demidonkonun sözlərinə görə, moratoriumun tətbiqinə rəğmən miqrantlar yenə də ən son anda uçota durur.
"Miqrantların böyük əksəriyyəti iri şəhərlərdə yaşayırlar və hazırda Moskva, Moskvayanı və Sankt-Peterburq əcnəbilərin kütləvi şəkildə miqrasiya xidmətlərinə axını ilə qarşılaşır, - deyə o, Sputnik-ə müsahibəsində bildirib.
"Çünki iyunun 15-i yaxınlaşır, bizdə isə, həmişə olduğu kimi, insanlar fərman çıxandan il yarım ərzində öz məsələlərini həll etməyə çalışmırdılar. İndi isə müraciətlərin sayı dəfələrlə artıb. Lakin biz bu gərginliyin öhdəsindən gəlməyə çalışırıq. Bu, o qədər də çətinlik yaratmır. Əsas axın səhər saatlarında olur, nahardan sonra isə daha heç kim olmur. Burada, düşünürəm ki, izahat işinə ehtiyac var", - deyə Demidenko bildirib.
BMX-də DİN nümayəndəsinin fikri ilə razılaşırlar.
Esoyevin sözlərinə görə, qeyri-leqal statusuna əsasən ölkəyə ilk dəfə gələnlər və hələ normal uyğunlaşmağa macal tapmayanlar düşür.
"Çünki ölkəyə ilk dəfə gələn şəxs üçün hər şey təzə olur, çətin olur. İnsanlar hara və necə müraciət etməli olduqlarını bilmirlər", - deyə büro rəhbəri bildirib.
Esoyevin qənaətinə görə, bu məsələdə məlumat boşluğunu doldurmaq mümkündür. Bu məsələdə miqrantlara həmyerli təşkilatları və işəgötürənlər kömək edə bilərlər.
"İstənilən insan üçün cəmiyyətin bir parçası olmaq zəruridir. Nə üçün müxtəlif ölkələrdə miqrantlar anklavlar yaradır? Onlar üçün özlərini rahat hiss edəcəkləri yerlər lazımdır. Özbəkistan, Qırğızıstan və Tacikistandan olan miqrantlar üçün bir qədər asandır. Çünki onlar əsasən rus dilini bilirlər. Lakin bəzi insanlar üçün dil baryeri var, bu isə qeyri-leqal statusuna təhrik edən amildir. Odur ki yerli əhalini bu işə cəlb etmək lazımdır ki, miqrantlar cəmiyyətə qoşulsunlar. Bu işdə də həmyerli təşkilatları birləşdirici halqaya çevrilir – onlar miqrantlara bəzi məlumatları izah edirlər", - deyə Esoyev bildirib.
Biletləri ucuzlaşdırmaq lazımdır
Daha bir problem isə bir çox miqrantların Vətənə qayıtmaq istəyidir.
"Əvvəlcə insanlar Rusiyada qalmaqdan qorxurdular, çünki yaxınlarını görmək istəyirdilər. Axı heç kim koronavirusun nə dərəcədə təhlükəli olduğunu bilmirdi. Lakin reyslər ləğv olunurdu. Hətta Özbəkistan və Tacikistanın çarter reysləri təşkil etməsinə rəğmən, biletlər çox baha idi və heç də hamı onları ala bilmirdi. Yaranmış vəziyyət bir çox miqrantları sərhədləri piyada keçmək cəhdinə sövq edirdi və nəticədə insanlar sərhədyanı zonalarda ilişib qalırdılar", - deyə Esoyev bildirib.
Daha sonra BMX təmsilçisi bildirib ki, sonradan miqrantların çoxu Vətənə gedə bilib.
"Bu, bizim Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan hökümətləri ilə əlaqələndirilmiş işimiz sayəsində mümkün oldu. Ölkələr bizə yardım edirdi, təşkilatımız pulsuz avtobuslar təşkil etməyə müvəffəq oldu ki, onların vasitəsilə də miqrantlar evə yollandılar. Biletlər isə indi də bahadır. Biz indi də kömək etməyə çalışırıq. Məsələn, ölkələrin səfirlikləri kiminsə ciddi xəstə olması ilə bağlı müraciət etdikdə", - deyə büro rəhbəri qeyd edib.
Təyyarə biletləri isə bəzi miqrant kateqoriyaları üçün hələ də əlçatan deyil. "Aviasales" servisinin məlumatlarına görə, Özbəkistandan Rusiyaya biletlər son bir il ərzində 55% bahalaşıb. Tacikistan hökuməti yanında Mülki Aviasiya Agentliyi isə tariflərin yüksək olması səbəbindən Rusiyanın "S7" və "Nordvind" aviaşirkətlərinin çarter reyslərini ümumiyyətlə dayandırıb. Belə ki, biletlərin qiyməti demək olar ki, $1,6 minə çatırdı.
Tacikistan və Rusiya arasında hava əlaqələrində yaranmış çətinliklər XİN rəhbəri Sergey Lavrovla da müzakirə olunub.
"Biz mümkün qədər tezliklə hava əlaqəsinin tezliyini və mütəmadiliyini bərpa etmək, o cümlədən Rusiyada təhsil alan bütün tacikistanlı tələbələrin qaytarılması üçün çalışırıq. Bu isə praktiki olaraq 20 min nəfər deməkdir", - deyə nazir bildirib.
Rəqəmlər böyüyür
Bununla eyni vaxtda Rusiyada əmək miqrantlarının çatışmazlığı hiss olunur – inşaat sahəsində bu rəqəm artıq 40-50%-ə çatıb. Cəzaların İcrası Federal Agentliyinin (CİFA) rəhbəri Aleksandr Kalaşnikov hətta miqrantların əvəzinə məhkumların əməyindən istifadə etməyi təklif edib. İlin əvvəlindən bəri Rusiyada əmək miqrantlarının işə cəlb olunması ilə bağlı yeni qayda qüvvəyə minməsinə baxmayaraq, ölkəyə ilin əvvəlindən bəri gəlmiş yeni əcnəbi-işçilərin sayı minlərlə ölçülür. Məsələn, mayın əvvəlindən bəri "Rusiyada iş" təşkilati portalı vasitəsilə Özbəkistandan Rusiyaya cəmi 187 özbəkistanlı gedib.
BMX rəsmisi Esoyevin sözlərinə görə, ümumiyyətlə, proses hələ ki, təzə başlayıb və pandemiya dövründə miqrantlarla işə dair proqramlarda müsbət bir cəhət var – bu, rəqəmsallaşmanın sürətlənməsidir.
"Biz miqrasiya siyasətində islahatları görürük. Bu gün isə islahatlar olan yerdə rəqəmsallaşma məsələsi ortaya çıxır. Rəqəmsallaşma miqrantların həyatını asanlaşdırır: rəqəmsal yolla pul köçürmələrinin həcmi artıb, başqa xidmətlər də inkişaf edir", - deyə büro rəhbəri fikrini yekunlaşdırıb.
Eləcə də oxuyun:
Rusiyada miqrantlara xüsusi rejim tətbiq olunacaq
Rusiyada əmək miqrantları məhkumlarla əvəz oluna bilər
Rusiya Azərbaycana çağırış etdi - 120 min vətəndaşınızı qaytarmasanız...
Avropa ölkələrinə sığınan 18 azərbaycanlı deportasiya edilib