BAKI, 27 may - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Sputnik Azərbaycan bildirir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Azərbaycan sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlara nail olub. Sizin ölkəniz dünya arenasında yüksək nüfuz qazanıb, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynayır.
Biz Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə strateji tərəfdaşlığı və səmərəli əməkdaşlığı hərtərəfli möhkəmləndirəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə firavanlıq və əmin-amanlıq diləyirəm".
Dünyanın müxtəlif ölkələrindən təbrik məktubları
Dünya liderlərindən daha kimlərin bayram münasibətilə təbrik məktubu göndərdiyi ilə Sputnik Azərbaycan-ın icmalında tanış ola bilərsiniz.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
"Cənab Prezident, Əziz Qardaşım.
Can Azərbaycanın Respublika Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Qardaş Azərbaycan bu il Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı zəfərinin qüruru ilə taclandırıb. Türkiyə də "kədərini öz kədəri" hesab etdiyi Azərbaycanın bu xoşbəxtliyini böyük sevinc hissi ilə bölüşür.
Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi "Bir millət, iki dövlət" ruhu ilə daha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnuniyyət duyuram. Qardaşlıq və əməkdaşlığımızın regionumuzda sülh, sabitlik və rifahın ən böyük təminatı olduğuna inamım qətidir.
Fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqına gözəl gələcək və rifahının daimi olması üçün ən xoş diləklərimi bir daha ifadə edirəm".
Pakistan İslam Respublikasının Baş naziri İmran Xan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Pakistan Azərbaycanla olan strateji əlaqələri yüksək qiymətləndirir. Mükəmməl ikitərəfli münasibətlərimiz Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənib. Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub.
Əminəm ki, yaxın günlərdə ikitərəfli əməkdaşlığımız xalqlarımızın rifahı naminə bir çox sahədə daha da dərinləşəcək. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırıq.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq və davamlı inkişaf arzu edirəm.
Zati-aliləri, mənim dərin hörmətimi və xoş arzularımı qəbul edin".
Azərbaycanlılar ADR-in yaranmasının 103-cü ildönümünü qeyd edirlər
28 may 1918-ci il müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra hər il 28 may Respublika Günü kimi qeyd olunur.
Azərbaycan Demokratik Respublikası müsəlman Şərqində ilk dəfə, eləcə də ABŞ və bir sıra Avropa ölkələrindən daha əvvəl qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu, milli pul, milli bankın yaradılması, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin edilməsi, iqtisadi islahatlar və digər uğurlara imza atmışdı.
Yaranandan sonra qısa müddət ərzində respublikada milli bayraq, himn və gerb təsdiq olundu, dövlət dili Azərbaycan dili elan edildi.
1920-ci ilin yanvarında keçirilən Paris Sülh konfransında Azırbaycanln müstəqilliyi beynəlxalq səviyyədə tanındı.
ADR-in ərazisi mübahisəli ərazilər nəzərə alınmadan 114 kvadrat kilometr, əhali sayı 2,8 milyondan çox idi.
Eləcə də oxuyun:
* Cavad Zərif İlham Əliyevə: "Tarixi bir rol oynaya bilərsiniz"