CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məscidlərdə 50 nəfər, işçilərin 80 faizi... NK-nın yeni qərarının detalları

COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılır. Ancaq müəyyən yumşaldılmalar var.
Sputnik

BAKI, 26 may — Sputnik. Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Nazirlər Kabineti qərarını açıqlayıb. Sputnik Azərbaycan həmin qərarı təqdim edir:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılsın.

2. Müəyyən edilsin ki:

2.1. 2021-ci il 31 may saat 06:00-dan:

2.1.1. açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir;

2.1.2. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir;

2.1.3. ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

2.2.2. 2021-ci il 10 iyun saat 00:00-dan aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir:

2.2.1. dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla);

2.2.2. iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla);

2.2.3. bu Qərarın 2.3-cü bəndi nəzərə alınmaqla idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan);

2.2.4. çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin.

2.3. yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu

(COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər;

2.4. 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur;

2.5. bu Qərarın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə, həmçinin digər dövlət orqanları (qurumları) tərəfindən müəyyən edilmiş bütün tələblərə və metodiki göstərişlərə əməl edilməsi məcburidir;

2.6. 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilir;

2.7. bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Eləcə də oxuyun:

* Operativ Qərargahdan bütün Azərbaycanı sevindirəcək QƏRARLAR

* Dərs olsun, bir də olmasın: Pandemiya əlimizdən nələri aldı

* Hər kəsi indi bu sual düşündürür: COVID pasportunu necə əldə edək?

* Dünən sevinmişdik, bu gün Nazirlər Kabineti yeni qərar verdi