Baş Prokurorluq səfil vəziyyətdə olan dörd uşaqla bağlı məsələyə münasibət bildirdi

Rahilə Məmmədovanın qanunsuz hərəkətləri hazırda azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaratdığından, onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub.
Sputnik

BAKI, 25 may — Sputnik. Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Abşeron rayonu, Xırdalan şəhərində 4 azyaşlı uşağın antisanitariya vəziyyətində yaşamaları barədə məlumatlar yayılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Baş Prokurorluq məsələyə münasibət bildirib:

"Bununla bağlı bildiririk ki, qeyd edilən məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmaqla müəyyən edilmişdir ki, 1986-cı il təvəllüdlü Rahilə Məmmədovanın tüfeyli həyat tərzi keçirməsi səbəbindən azyaşlı uşaqları antisanitariya şəraitində yaşayıblar".

"Eyni zamanda, Rahilə Məmmədovanın qanunsuz hərəkətləri hazırda azyaşlı uşaqlarının həyatı üçün təhlükə yaratdığından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq onun valideynlik hüququnun məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciətin təqdim edilməsi nəzərdə tutulub", - deyə məlumatda bildirilib.

Nəticə barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Həmçinin oxuyun:

* Dörd səfil uşaqla bağlı iş aparılır - Komitə rəsmisi

* "Uşaqların yerini deməyəcəm" - sığınacaq rəhbəri

Narkoman ana və Abşeronda səfil vəziyyətdə tapılan dörd körpənin aqibəti