CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Erməni əsgərlərlə dolu yeddi yük maşını sərhədimizə yaxınlaşıb: MN-dən reaksiya

Mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib.
Sputnik

BAKI, 25 may — Sputnik. Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədin qeyd olunan sahəsinə yaxınlaşmağa cəhd edib. Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb.

"Birmənalı şəkildə bildiririk ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb. Sərəncamımızda olan məlumata əsasən, erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insident bədbəxt hadisə nəticəsində baş vermişdir. Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur", - MN-in məlumatında deyilir.

Nazirlik həmçinin qeyd edib ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır.

Eləcə də oxuyun:

* Azərbaycan və Ermənistan hərbçiləri arasında dava, 11 erməni hərbçisi xəstəxanada

* Ermənistan və üçtərəfli bəyanatın şərtləri - Alternativ varmı?

* Rusiya Müdafiə Nazirliyi Qarabağdakı son durum barədə açıqlama verdi