QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan Azərbaycana görə Təhlükəsizlik Şurasını topladı

Paşinyan sonuncu dəfə mayın 17-si Təhlükəsizlik Şurasının iclasını keçirib. Mayın 20-də isə bəyan edib ki, Ermənistan Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşır.
Sputnik

BAKI, 22 may — Sputnik. Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Qeyd olunur ki, iclas zamanı Ermənistan – Azərbaycan sərhədindəki vəziyyət, vəziyyətin nizamlanmasına istiqamətlənən addımlar, həmçinin sonrakı addımlar müzakirə olunub.

Paşinyan sonuncu dəfə mayın 17-si Təhlükəsizlik Şurasının iclasını keçirib.

Qeyd edək ki, mayın 20-si Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşır. Paşinyan Ermənistan hökumətinin iclasında bildirib ki, bu sənəd 100% Ermənistanın maraqlarına cavab verir. O bildirib ki, əgər Azərbaycan öz razılığını versə, onda o, bu sənədi imzalayacaq: "Əgər Azərbaycan bizim razılaşmalarımızı yerinə yetirsə və haqqında danışdığımız şərtləri yerinə yetirsə, mən bu sənədi imzalayacağam".

O bildirib ki, danışıqlar hələ də davam etdiyindən sənədin mətnini açıqlamır. Paşinyan deyib ki, işçi sənədi açıqlamaq düzgün deyil.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Eləcə də oxuyun:

* Ceyhun Bayramov: "Ermənistan 10 noyabr bəyanatının şərtlərini pozur"

Kreml Əliyev, Putin və Paşinyanın "bəyanat"ının dərc edilməsinə münasibət bildirib

* Azərbaycanla Ermənistan arasında imzalanacağı deyilən sənədlə bağlı şok detallar üzə çıxıb