BAKI, 22 may — Sputnik, Emin Əlisahib. Azərbaycanın işğaldan azad edilən ərazilərində Böyük Qayıdışı yaxınlaşdıran daha bir layihənin icrasına başlanılıb. Bu, Ağdam şəhərinə gedən avtomobil yolunun yenidən qurulmasıdır ki, artıq sözügedən ərazidə işlər davam etdirilir.
Mühəndis Dəyanət Ağakişiyev Sputnik Azərbaycan-a bildirib ki, avtomobil yolu birinci texniki dərəcəyə uyğun olaraq 26,5 metr enində layihələndirilib. Yolda 2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağı nəzərdə tutulub. “Bərdə-Ağdam avtomobil yolu başlanğıcını Bərdə şəhərindən götürür. Yolun uzunluğu 45.3 kilometr, eni 26.5 metrdir. Yol 4 hərəkət zolağından ibarət olacaq. Hərəkət zolaqlarının eni 3.75 metr, 2 metr ayrıcı zolaq, 3 metr olmaqla çiyin nəzərdə tutulub”.
Həmçinin müsahibimiz onu da əlavə edir ki, yeni inşa olunan avtomobil yolunun üzərində 4 ədəd körpü, həmçinin suötürücü borular, mal-qara keçidləri inşa ediləcək. “Bununla yanaşı, yeni yol müasir tələblərə uyğun şəkildə inşa edilir. Bu yolun üzərində 5 ədəd heyvan keçidi, 5 ədəd düzbucaqlı su keçidi nəzərdə tutulub. Həmçinin yol üzərində 80-dən artıq 1500 millimetr diametrində su boruları inşa ediləcək. Eyni zamanda burada xüsusi dayanacaqların da quraşdırılması nəzərdə tutulub. Belə ki, yolun kənarlarında 24 ədəd avtobus dayanacağının inşası planlaşdırılır”.
Qeyd edək ki, hazırda Ağdam şəhərinin mərkəzinə uzanan Bərdə-Ağdam avtomobil yolunda torpaq yatağı təmizlənir, yolun çəkilişi üçün hazırlıq işləri gedir.
Eləcə də oxuyun:
* Ləki-Qəbələ dəmir yolu istifadəyə hazırdır