QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Nə sənəd? Ermənistan prezidenti Azərbaycanla imzalanacaq sənəddən xəbərsizdir

Daha əvvəl Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşır.
Sputnik

BAKI, 20 may — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan Azərbaycanla imzalanması təklif olunan sənədlə bağlı müzakirələrdə və əlaqədar proseslərdə iştirak etməyib və iştirak etmir. Bu barədə Sputnik Ermənistan-a Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib.

"Prezident sənəd barədə, hələ onun detalları barədə informasiyaya malik deyil. Respublika prezidenti əmindir ki, bu proseslər mümkün qədər açıq və bütün maraqlı tərəflərin iştirakı ilə olmalıdır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşır. Paşinyan Ermənistan hökumətinin iclasında bildirib ki, bu sənəd 100% Ermənistanın maraqlarına cavab verir. O, bildirib ki, əgər Azərbaycan öz razılığını versə, onda o, bu sənədi imzalayacaq: "Əgər Azərbaycan bizim razılaşmalarımızı yerinə yetirsə və haqqında danışdığımız şərtləri yerinə yetirsə, mən bu sənədi imzalayacağam".

O bildirib ki, danışıqlar hələ də davam etdiyindən sənədin mətnini açıqlamır. Paşinyan deyib ki, işçi sənədi açıqlamaq düzgün deyil.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Eləcə də oxuyun:

* Paşinyan Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsinin vacib olduğunu bildirib

Əli Əsədov Moskvaya nə üçün gedib

* Paşinyandan sensasion açıqlama: "Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşırıq"