BAKI, 18 may — Sputnik, Eldar Tanrıverdiyev. "Azərbaycan və Ermənistan arasında sərhəd insidenti ilə bağlı vəziyyəti yaxından izləməyə davam edirik". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin şərhində bildirilib.
Bildirilir ki, Rusiya tərəfi gərginliyin azaldılması üçün Bakı və Yerevana ən yuxarı və yüksək səviyyədə müntəzəm təmaslar saxlayaraq yardım göstərir: "Ölkələrimizin sərhəd xidmətləri və hərbçilər xətti üzrə operativ əlaqə saxlanılır. Atəşkəs rejiminə ciddi riayət olunmasının, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının digər müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini bir daha təsdiqləyirik. Bu cür insidentlərin yalnız sülh, danışıqlar yolu ilə həll olunması mövqeyindən çıxış edirik. Uzunmüddətli həll yolunu Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və daha sonra demarkasiyası prosesinin başlamasında görürük. Rusiya Federasiyası Cənubi Qafqazda vəziyyətin ardıcıl şəkildə normallaşmasına bundan sonra da yardım etməyə hazırdır".
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi sərhəddəki gərginliklə ilə bağlı bəyanatla çıxış edib.
"10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.
12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.
Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik.
Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır" - bəyanatda deyilir.
Həmçinin oxuyun:
Fransadan Ceyhun Bayramova zəng gəldi - Sərhəddə...
Azərbaycan XİN sərhəddəki vəziyyətə aydınlıq gətirdi
Azərbaycan XİN-dən sərhəd hay-küyünə cavab: "Təşvişə düşməyin"