BAKI, 17 may — Sputnik. 1980-1988-ci illər arasında ABŞ-a rəhbərlik etmiş 40-cı prezident Ronald Reyqanın keçmiş müşaviri Suzanna Messi Rusiya Prezidenti Vladimir Putindən vətəndaşlıq istəyib. Bu barədə Sputnik Türkiyə məlumat yayıb.
1984-1988-ci illər ərzində Reyqanın ABŞ-ın keçmiş SSRİ ilə münasibətlər üzrə müşaviri vəzifəsində çalışan Messi iki ölkə xalqlarını bir-birinə yaxınlaşdırmaq üçün uzun müddət çalışdığını dilə gətirərək bu fəaliyyətini davam etdirmək üçün Rusiyada qalmaq istədiyini bildirib.
"Bəzi amerikalıların mənə vətən xaini deyəcəklərini, ABŞ-a qarşı çıxdığımı söyləyəcəklərini təxmin edə bilirəm", – deyən Suzanna Messi vurğulayıb ki, Rusiyada qalmaq üçün Putin ona vətəndaşlıq versə, bunu özünə şərəf hesab edəcək.
Qeyd edək ki, hazırda 90 yaşında olan Messi ABŞ-la Rusiya arasında casusluq fəlaiyyətlərinin ən aktiv olduğu dövrdə müşavir kimi çalışıb.
Messinin müraciəti ABŞ və Rusiya arasında münasibətlərin kəskinləşdiyi dövrə təsadüf etdiyindən Amerika mətbuatında böyük rezonans doğurub.