MƏDƏNİYYƏT

Azərbaycanlı rejissorların dünya kino elitasına yolu - Təməl hazırdır

Rejissor Rüfət Həsənov Sputnik Azərbaycan-la söhbətində azərbaycanlı rejissorların işlərinin dünya kinematoqrafiyasının sayılıb-seçilən nümunələri sırasına düşməsi üçün təməlin artıq hazır olduğunu deyib.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbacan

BAKI, 16 may — Sputnik. Mədəniyyət Nazirliyinin elan etdiyi "Böyük Qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin sonuncu – pitçinq mərhələsi keçirilib. Şəffaflığın qorunması məqsədi ilə pitçinq Dövlət Film Fondunun rəsmi "YouTube" kanalı vasitəsilə canlı yayımlanıb.

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, habelə Vətən müharibəsində qazanılmış Böyük Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə elan olunmuş müsabiqənin pitçinq mərhələsində iştirak hüququ qazanan 26 layihə Münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilib.

Seçim prosesi münsiflərin açıq səsverməsi yolu ilə həyata keçirilib, 7 münsifdən 2-si bitərəf qalıb, 5-nin səs çoxluğu ilə 11 layihə qalib seçilib. Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənov sözügedən pitçinq və gələcəkdə görüləcək işlərlə bağlı Sputnik Azərbaycan-a danışıb: "Dünya təcrübəsinə uyğun olaraq, ssenari deyil, film layihələrinin seçimi üzərində aparılan və mərhələli şəkildə təşkil edilən müsabiqədə ölkəmizdə ilk dəfə layihələrin açıq pitçinq (yəni film layihələrin qısa təqdimatı) yolu ilə seçilməsi mexanizmi tətbiq olundu. Seçim şəffaflığının və meritokratik yanaşmanın təmin edilməsi üçün pitçinq prosesinin Azərbaycan Dövlət Film Fondunun rəsmi "YouTube" səhifəsində canlı yayımlanması təşkil edildi. Bir sözlə, hər şey göz önündə baş verdi. Nəticədə, qalib gələn 11 layihənin 6-sı özəl istehsalçı şirkətlərinə aiddir. Ən çox vəsait ayrılan animasiya bölümünün hər iki qalibi özəl sektorun nümayəndələridir. Son 15 il ərzində dövlət vəsaitindən yararlanan yalnız dövlət studiyaları olduğuna görə özəl sektorun fəaliyyəti üçün əlverişli şərait mövcud deyildi və bu, ümumiyyətlə kino sənayəsinin inkişafına mənfi təsir göstərirdi".

Həsənov bildirir ki, özəl sektorun bu prosesə yenidən qatılması bizim prioritet istiqamətlərimizdən biri idi və bu müstəvidə "Böyük Qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsini ilk addım olaraq uğurlu hesab etmək olar:

"Ümumiyyətlə, Vətən müharibəsindən, bizim tarixi zəfərimizdən sonra Azərbaycana qarşı informasiya müharibəsini aparan, hətta informasiya blokadasına salmaq istəyən qüvvələrin daha da fəallaşması gözləniləndir. Məsələn, son bir neçə ay ərzində üç nüfuzlu beynəlxalq film festivalında Azərbaycanı ləkələyən, tarixi faktları saxtalaşdıran və kino sənətindən təbliğat aləti kimi istifadə edən film layihələrinin nümayişinə qarşı Mədəniyyət Nazirliyi tərəfindən müvafiq addımlar atılıb və nəticədə qarşısı alınıb".

"Lakin bu biz tərəfdən kontr-addımdır. Hədəfimiz isə Azərbaycan filmlərinin Kann, Venesiya, Lokarno kimi festivallarda iştirakı, beynəlxalq kino kontekstində təmsil olunması, azərbaycanlı rejissorların dünya kino elitasına daxil olmasıdır. Bunun təməli hazırdır – son illərdə rejissorlarımızın fərdi uğurlarını sadəcə institusionallaşdırmaq gərəkdir. Məhz buna görə açıq, şəffaf müsabiqə, pitçinq çox önəmli ilk addımdır".

Qurum rəsmisi bundan başqa, Türkiyə ilə müştərək layihələri haqqında da məlumat verdi: "İstər İkinci Vətən müharibəsinə həsr olunan, istər digər mövzuları əhatə edən iddialı layihərimiz hazırlanır. Həm Türkiyənin özəl istehsalçı şirkətləri, həm TRT kanalı, həmçinin "Netflix Türkiyə" ilə bir sıra müştərək layihələrimiz hazırlanmaqdadır".

Qeyd edək ki, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə 9 nəfərlik heyətin 28 fevral-3 mart 2021-ci tarixlərində Ankara və İstanbulda ölkələrarası mədəni əlaqələrin inkişafı üzrə müxtəlif rəsmi görüşləri zamanı iki ölkə arasında Azərbaycan-Türkiyə mədəniyyət əlaqələri üzrə Birgə Hökumətlərarası Komissiyanın birinci iclasının protokolu imzalanıb.

Eləcə də oxuyun: 

Azərbaycan kinosunun məbədi xilas olmağın yollarını arayır

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda - VİDEO

Dünyaca məşhur festivalın vaxtı niyə dəyişdirildi?

On doqquz dəqiqəlik filmlə qəlbləri fəth etdilər - VİDEO